00:00:00
Yazar
Elmira Ağayeva
16.11.2026 22:18 43 2 dəq oxuma
Araşdırma

Nvidia rəhbərinin geri qayıtması üçün petisiya başladıldı

Nvidia rəhbərinin geri qayıtması üçün petisiya başladıldı

 

Texnologiya dünyasında son günlər diqqətçəkən hadisələrdən biri Nvidia şirkətinin rəhbəri Jensen Huang-ın istefası ətrafında yaranan müzakirələrdir. Süni intellekt çipləri bazarının aparıcı şirkətlərindən birinin rəhbərinin vəzifəsindən ayrılması səhmdarlar və əməkdaşlar arasında ciddi narahatlıq yaradıb. Huang-ın istefasından cəmi dörd gün sonra başladılan “Stand With Jensen” (“Jensenin yanındayıq”) adlı petisiya qısa müddətdə 178 mindən çox imza toplayıb.

Diqqətçəkən məqam budur ki, kampaniyaya dəstək yalnız adi istifadəçilərlə məhdudlaşmır. Silikon Vadisinin tanınmış simaları, o cümlədən “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask, “Replit” şirkətinin baş direktoru Amjad Masad və “Epic Games”in rəhbəri Tim Sweeney də petisiyaya qoşulanlar arasındadır. Bundan başqa, petisiyanı imzalayanlar arasında Nvidia-nın 8 400-dən çox hazırkı əməkdaşı və təxminən 90 min səhmdarı olduğu bildirilir. Onlar şirkətin idarə heyətinə müraciət edərək müstəqil araşdırma aparılanadək Jensen Huang-ın vəzifəsinə qaytarılmasını tələb edirlər.

Bəs hadisələr necə başladı?

Jensen Huang şirkət daxilində şəxsi münasibətlərlə bağlı iddiaların, o cümlədən birbaşa ona tabe olan əməkdaşla münasibətinə dair məsələnin gündəmə gəlməsindən sonra istefa verməli olub. Bu qərar texnologiya sektorunda geniş rezonans doğurub. Bununla belə, korporativ idarəçilikdə bu cür hallar ilk dəfə yaşanmır. Belə ki, daha əvvəl “McDonald’s” şirkətinin baş direktoru Stiv İsterbruk səhmdar siyasətini pozan münasibətinə görə, “Intel”in rəhbəri Brayan Krzanix isə oxşar səbəbdən vəzifəsindən uzaqlaşdırılıb.

Nvidia ətrafında baş verənlər 2023-cü ilin noyabrında “OpenAI”ın baş direktoru Sem Altmanın vəzifəsindən kənarlaşdırılmasını və əməkdaşların etirazı, eləcə də investorların təzyiqi nəticəsində qısa müddət sonra yenidən rəhbərliyə qayıtmasını xatırladır.

Şirkət daxilindəki bu gərginlik Nvidia-nın ABŞ üçün strateji əhəmiyyətinin artdığı bir dövrə təsadüf edir. ABŞ Prezidenti Donald Tramp isə məsələyə münasibət bildirərək Jensen Huang-ın geri qayıtmasına etiraz etmədiyini ifadə edib. O, “Düşünürəm ki, o, böyük bir dərs aldı”, – deyə bildirib.

Beləliklə, səhmdarların və əməkdaşların dəstəyi ilə gündəmə gələn bu kampaniyanın hansı nəticə verəcəyi, eləcə də Nvidia rəhbərliyinin məsələ ilə bağlı hansı qərarı qəbul edəcəyi texnologiya və maliyyə sektorunun diqqət mərkəzindədir.

Ayşə Cəfərova

#Texnologiya #Nvidia
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər