Ödənişli təcrübələr: gənclər üçün real fürsət, yoxsa məhdud imkan?
Ödənişli təcrübə proqramları gənclərin əmək bazarına hazırlanmasında mühüm rol oynasa da, bu imkanlar hər kəs üçün eyni dərəcədə əlçatan deyil. Məhdud yerlər və seçim mexanizmləri bir çox gəncin bu fürsətlərdən yararlanmasını çətinləşdirir və mövzunu aktual müzakirə predmetinə çevirir.
Mövzu ilə bağlı HR mütəxəssisi Sevda Quliyeva “İnformator.az”a açıqlamasında bildirib ki, insan kapitalı ilə bağlı bütün proseslərin tam şəkildə platformalara ötürülməsi hər zaman doğru yanaşma deyil:
“Xüsusən də təcrübə proqramlarında. Bəli, müəyyən ümumi biliklər üçün platformalardan, hətta süni intellektdən istifadə oluna bilər. Amma namizədlərin dəyərlərini, məqsədlərini və potensialını analiz etmək üçün onlarla canlı görüşmək vacibdir. Ən azından sima olaraq tanımaq, məqsədlərini bilmək önəmlidir. Namizədlərin sayı çox olduğu üçün hər kəslə fiziki görüşmək çətin olsa da, platformalara ehtiyac var. Lakin yekunda insan faktoru həlledici olmalıdır. Təcrübə proqramları elə qurulmalıdır ki, namizəd sadəcə vaxt keçirməsin, həm özü üçün faydalı olsun, həm də şirkət itkiyə getməsin. Peşəkar şirkətlər öz imicinə görə məsuliyyət daşıyır və yalnız həqiqətən bacarıqlı şəxslərə tövsiyə verirlər. Tövsiyə və ödəniş məsələsi şirkətin iqtisadi vəziyyətindən və namizədin verimliliyindən asılıdır. Əgər imkan varsa, şirkətlər yaxşı ödəniş etməyə çalışır. Amma bəzən əsas qazanc təcrübə, dünyagörüşü, korporativ mühit və gələcək üçün perspektiv olur. Ona görə də yalnız ödənişə fokuslanmaq doğru deyil”.
Mövzu ilə bağlı təcrübə proqramlarında iştirak edən Ayan Veysəlli isə “İnformator.az”a bildirib ki, təcrübə dövründə əsas məqsəd öyrənməkdir:
“Adından da məlum olduğu kimi, təcrübə zamanı öyrənmək daha önəmlidir. Əgər yalnız pul üçün işləyib heç nə öyrənmirsənsə, o iş sabah sənin üçün dəyərli olmaya bilər. Amma təcrübə qazanırsansa, gələcəkdə daha yaxşı şərtlərlə iş tapmaq mümkündür. Mən müraciət etdiyim təcrübə proqramlarından indiyə qədər mənfi cavab almamışam. Amma özümü həmin vəziyyətdə təsəvvür etsəm, əlbəttə ki, çətin olardı. Buna baxmayaraq, motivasiyadan düşməz, yenidən müraciət edərdim. Təcrübə proqramları gənclər üçün real fürsətdir. Bu gün gənclər təcrübə proqramları vasitəsilə bilik və bacarıqlarını inkişaf etdirir, iş həyatına daha hazırlıqlı şəkildə başlayırlar”.
Mələk Hüseynova
