00:00:00
Yazar
Admin User
10.12.2025 06:32 117 6 dəq oxuma
Maraqlı

Odda yanmaz, suda batmaz Kommunist partiyası niyə dağıldı?

Odda yanmaz, suda batmaz Kommunist partiyası niyə dağıldı?

     Və yaxud qələm sahiblərimiz

Hakimiyyətdə olduğu 70 il ərzində cümhuriyyətçiliyi, füyuzatçılığı, türkçülüyü tənqid edən Kommunist Partiyasının süqutu sübut etdi ki, marksizm-leninizm nəzəriyyəsi yox, füyuzatçılıq, türkçülük konsepsiyası daimi yaşardır. Buna baxmayaraq uzyun illər sovetlər tərəfindən haqsız tənqidə-təhqirə məruz qaldı.  Lakin, şanına-şöhrətinə, tarixinə, təbliğinə milyonlarla əsərlər, kitablar, məqalələr, dissertasiyalar yazılan Kommunist partiyası iflasa uğradı. Axı sovetlər onu nəyin bahasına olursa-olsun yaşatmaq üçün ən çirkin əməllərə belə əl atdılar, qanlara-qadalara bais oldular. Bəs niyə əbədiyaşar edə bilmədilər? “Möhtəşəm” imperiyanın başında duran bu Kommunist partiyasının “şişib-şişib sonda partlaması” bir daha sübut etdi ki, o heç vaxt möhtəşəm olmayıb. Çünki, onun xəmiri yalanla, rüşvətlə, böhtanla, qan-qada ilə yoğrulmuşdur. Odur ki, heç 70-i adlaya bilmədi. Partiyanı tərənnüm edən belə əsərlərin birindən cəmi iki-üç cümlə qeyd etmək kifayətdir.   

 

Qarşımda Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri” (1964) adlı kitab var. 818-səhifədən ibarət olan bu əsəri sovet dövrünün tanınmış, adlı-sanlı tarixçi alimlərindən M.S.İsgəndərov (rəhbər), Ç.B.Quliyev, D.P.Quliyev, İ.A.Hüseynov, M.A.Qazıyev, U.A.Tokaryevski, Ə.H.Şahgəldiyev ərsəyə gətirib. Əsər XIX əsrin 80-ci illərindən, 1963-cü ilə qədər olan dövrü əhatə edir. Təbii tərif hissəsi Azərbaycanda sovetlərin “qələbəsindən” (işğalından oxu) sonrakı dövrü əks etdirir.  

 

Əsərdə yazılır ki, “Ümumittifaq K (b) P MK “Partiyanın boyca artması haqqında və ÜİK (b) P-ya yeni daxil olanlarla partiya təşkilatı və partiya siyasi işi güçləndirmək tədbirləri haqqında” (26 iyul 1964) qərarında müəyyən edilmişdir”. Sözə fikir verin, “partiyanın boyca artması”. Əslində bu partiya nə qədər zor və silah gücünə idarə edilsə də boyca arta bilmədi, 70-i haqlamadı. Sovet adamlarının qəlbində ona qarşı sevgi, sayğı yaratmaq üçün şanına, şöhrətinə minlərlə, milyonlarla elmi və bədii əsərlər ithaf edildi. Bunu qəbul etməyən, sovet qurluşunun “əzəmətlərini” görməyən insanları isə dəhşətli repressiyalara məruz qoydular. Amma yenə də bu “əzəmətli, böyük, dahi” partiya iflasa uğradı. Yuxarıda adlarını sadaladığım alimlərimizin təbrincə desəm boyca arta bilmədi, məhv oldu.

Əsərdə dönə-dönə vurğulanır ki, Kommunist partiyası xalqın partiyasıdır. Əgər döğrudan da belə idisə niyə dağıldı? Axı el güçü, sel  güçüdür. Xalq onu niyə dağılmağa qoydu? Çünki nə o partiyanın eldən, nə də elin o partiyadan xəbəri var idi. 

 

Əsərdə Sov.İKP MK Baş katibi İ.V.Stalinin fəaliyyəti, 1920-50-ci illər hadisələri eninə-uzununa tənqid edilərək yazılır ki, “SSRİ-də qanunsuzluq və özbaşnalıqlar baş alıb gedib. Qüsurlu rəhbərlik metodu tətbiq olunub, partiya rəhbərliyi metodlarını inzibatçılıqla əvəz edilib və s. və i”. Əslində SSRİ-də yalnız 1920-50-ci illər deyil, mövcud olduğu 70 il ərzində qanunsuzluq, özbaşnalıq, rüşvətxorluq, haqsızlıq baş alıb gedib.          

 

Əsərdə məhz 1920-50-ci illəri tənqid edən həmin bu alimlərin disertasiyalarında, saysız-hesabsız məqalələrində, əsərlərində bütövlüklə SSRİ dövründə sosialist quruculuğu, marksizm-leninzm nəzəriyyəsi və metodologiyası, Kommunist partiyasının prinsipləri (elə Lenin, Stalin görüşləri) haqqında saysız-hesabsız xoş sözlər, təriflər, təbliğlər var, ədəbiyyat siyahılarında Leninin, Stalinin əsərləri üstünlük təşkil edir. (Əgər oxucular üçün maraqlı olarsa növbəti saylarda onların hər birinin elmi işləri, məqalələri, əsərləri haqqında ayrı-ayrılıqda bəhs edə bilərəm). 

 

Yuxarıda adlarını sadaladığım bu alimlər “Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri” (1964) əsərini ərsəyə gətirəndə dövrünün tanınmış alimləri, hətta bəziləri professor, akademik idi. Yəqin ki, nə yazdıqlarını, necə yazdıqlarını çox yaxşı dərk edirdilər?

 

Qayıdaq yenə yuxarıda adını çəkdiyimiz əsərə. Əsərdə yazılır ki, “Sov. İKP-nın 1956-cı ilin fevralında keçirilən XX qurultayı Kommunist partiyasının və sovet xalqının həyatında, dünya kommunist və fəhlə hərəkatının tarixində böyük bir hadisə oldu. N.S.Xruşşov tərəfindən kommunizim quruculuğunun əzəmətli perspektivləri müəyən edildi”. Eyni məzmunlu cümləni yuxarıda adlarını qeyd etdiyimiz alimlərin hər biri ayrı-ayrılıqda öz dissertasiyalarında, məqalələrində və əsərlərində işlədiblər. Sadəcə 1956-cı il 1920-30-40-50-ci illər kimi qeyd edilib, N.S.Xruşşovun əvəzinə isə V.İ.Leninin, İ.V.Stalinin adları yazılıb. Adlar, illər dəyişilib, məzmun isə olduğu kimi qalıb. Məncə şərhə ehtiyac yoxdur... Bu əsərdə N.S.Xruşşovu tərifləyən həmin alimlər növbəti əsərlərində onu tənqid edərək L.İ.Brejnevi tərifləyirlər. 

 

Əslində oxucu mənə irad tuta bilərdi ki, o zaman təkcə onlar belə yazmırdı ki, bu məzmunda, formada sovet dövrü yazılan milyonlarla əsərlrə var. Tamamilə haqlıdırlar. Deməli Kommunist partiyası öz ideyalarını təbliğ etmək üçün sovet ziyalısını “əhliləşdirmiş, uyğunlaşdırmış”. Yazıçı Anarın təbrincə desəm “anlamaq dərdindən imtina etmiş” və yaxud “beşikdə yad millətlərin südünü əmmiş, millətmizin ruhundan xəbərsiz bir para” ziyalılar yetişdirsə də bütövlükdə buna nail ola bilmədi. Və nə yaxşı ki, bilmədi! Sovetləri təbliğ etmədiyi üçün açından ölən Mirzə Cəlili, sovetlərə düşmən olan türkçülüyü, turançılığı təbliğ edən, uzaq Sibirdə donaraq ölən Cavid Əfəndini, ömrü boyu Vətən həsrəti ilə alışıb-yanan Əli bəyi, Əhməd bəyi, publisistikasında və poeziyasında açıq-aydın sovetləri tənqid edən Əliabbas Müznibi, Əmin Abidi, Səməd Mənsuru, Ümugülsüm Sadıqzadəni, Seyid Hüseyni həqiqətə, ədalətə, öz əqidəsinə sadiq qalan dahi Üzeyir bəyi, Ömər Faiq Əfəndini, Məhəmməd Əmini, Mirzə Balanı və daha yüzlərlə aydınlarımızı tarix məhz bunun üçün əbədi yaşara çevirdi.   

 

“Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri” əsərini oxuduqca sovet dövrünün abu-havası bir daha gözlərim önündə çanlandı. “Özgə dilin əsiri olub, öz milli mənliklərini büsbütün unudanlar” məmləkəti. Birdən yadıma “mənəvi güc aldığım, məni incidən bir çox problemlərə yazdıqlarında cavab tapdığım şəxsiyyət, böyük və ulu insan” Mirzə Cəlilin bu sözləri düşdü. “Axı biz niyə beləyik?”. Gələnə çəpik, gedənə təpik. Bu bizə yaraşırmı? Axı biz milli qüruru, mənliyi olan soy-kökə malik xalqın nümayəndələriyik. Bu mənəviyyatsızlıq bizə yaraşarmı? O da ola ziyalımız, alimimiz, əhli-qələm sahibimiz ...

 

818-səhifəlik bu kitabın hər səhifəsində böyük qardaşa xoş gəlmək üçün həqiqəti ört-basdır etmək və yarımçıq həqiqəti söyləmək “prinsipi” açıq-aydın hiss edilir. Və birdən düşündüm ki, nə yaxşı bu əsər yazılanda və çap ediləndə Mirzə Cəlil, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Cavid Əfəndi və yüzlərlə onlar kimi aydınlarımız sağ olmayıblar. Millətini “odlu ürəklə sevən” bu vətənpərvərlər, millətsevərlər bu iyrənc mətdahlığa dözməzdilər. Axı bu mətdahlıq onların “vicdanının bütövlüyünə yabançı idi”.

 

Əsərdə daha sonra qeyd edilir ki, “Ölkəmizdə marksizm-leninzm nəzəriyyəsinin müstəqil və möhkəm öyrənilməsi məsələsinə MK xüsusi diqqət yetirirdi”. Amma nə qədər diqqət yetirsələr də bu nəzəriyyə iflasa uğradı. Çünki yaranışından puç idi.           


Sonda bir daha xatırladım və düşündüm ki, “Kommunist partiyası niyə dağıldı? Yadıma “Əbədi Mİrzə Cəlil” məqaləsindən belə bir cümlə düşdü: “İnsan şəxsiyyətinin mənəvi daşqalaq edilməsinə, ədalətsizliyin və zorakarlığın, zülmün və qəddarlığın ölçüsüz miqyasına, alçaldılmış və tapdalanmış insanların ağrısına, açısına, fəryadına” və ən nəhayət Ulu Tanrının ədalətinə dözmədiyi üçün! 

      

Qərənfil Dünyamin qızı

Əməkdar jurnalist

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər