Ödəniş və dövlət təhsili
Bugünkü müsahibəmizdə təhsilin iki əsas forması — dövlət və ödənişli təhsil üstünlükləri və çatışmazlıqları üzərində dayanacağıq. Təhsil hər bir gəncin həyatında mühüm rol oynayır və seçim etdiyi təhsil növü onun gələcək karyerasına, bacarıqlarına və həyat tərzinə birbaşa təsir edir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, dövlət və ödənişli təhsil arasında əsas fərqlər ondan ibarətdir ki, dövlət təhsil müəssisəsində şagirdlər konkret olaraq dövlət büdcəsi hesabına təhsillərini alırlar və dövlət təhsil müəssisəsi konkret dövlətə bağlıdır:
"Elm və Təhsil Nazirliyinin təhsil proqramını əhatə edir. Özəl təhsil müəssisələri dedikdə, şagirdlər öz hesablarına, yəni valideynlərinin hesabına tədris prosesini təşkil edirlər və özəl təhsil müəssisəsi rəqabətli olduğu üçün başqa özəl müəssisələrlə rəqabət apardığı üçün daha çox xidmətini yaxşılaşdırmağa maraqlıdır. İnfrastruktur baxımından, maddi-texniki baxımdan və s. özəl təhsil müəssisələrinin üstünlükləri var. Burada şagirdlərin daşınmasını təşkil edən servis xidməti, servis xidmətinin təşkili, o cümlədən müasir infrastrukturun yaradılması və s. cəhətlər üstün hesab olunur. Amma qaldı ki, tədris proqramı baxımından, təbii ki, dövlət təhsil müəssisələri konkret dövlətin təhsil proqramına riayət edir. Hətta təhsil müəssisələrinin bəziləri beynəlxalq proqramlara üstünlük verir. Ödənişli təhsil əlbəttə ki, özəl istiqamətlərdə daha çox özünü göstərir və burada özəl təhsil müəssisələri konkret olaraq rəqabət apardıqları üçün bir-birinə müvafiq xidmətləri daha yaxşı təşkil edib və daha çox gəlir əldə etməkdə maraqlıdırlar".
Həmçinin mövzu ilə bağlı Aygün İsrəfilova bildirib ki, bir valideyn kimi övladımın təhsili onun üçün hər şeydən önəmlidir:
"Qarşıma seçim çıxanda ödənişli, yoxsa dövlət təhsili çox düşündüm. Hər ikisinin öz üstünlükləri və çatışmazlıqları var. Dövlət təhsilinin əsas üstünlüyü əlçatan olmasıdır. Hər ailə üçün mümkündür və maddi yük yaratmır. Müəllim heyəti də çox vaxt təcrübəli olur. Ödənişli təhsildə isə şərait daha yaxşıdır: siniflər azsaylı olur, uşağa fərdi yanaşma göstərilir, əlavə dərnəklər və müasir imkanlar təqdim olunur. Valideyn olaraq məktəblə əlaqə də daha sıx olur, uşağın inkişafını yaxından izləyə bilirik. Amma bunun da çatışmaz tərəfi var yüksək ödəniş hər ailənin büdcəsinə uyğun deyil. Məncə, əsas məsələ məktəbin ödənişli və ya dövlət olması deyil. Əsas odur ki, övladımıza keyfiyyətli təhsil verilsin, yaxşı müəllimlərlə qarşılaşsın və sağlam mühitdə böyüsün. Valideynin marağı və dəstəyi isə hansı sistemdə oxumasından asılı olmayaraq uşağın uğurunda həlledici rol oynayır".
Gövhər Mehyəddinova
