00:00:00
Yazar
Elmira Ağayeva
24.07.2026 21:14 35 3 dəq oxuma
Sosial

Ölkədən çıxışa qadağa: Hüquqi əsaslar

Ölkədən çıxışa qadağa: Hüquqi əsaslar

 

Ölkədən çıxışa qadağa, şəxsin müvəqqəti olaraq ölkə ərazisindən kənara çıxmasının hüquqi şəkildə məhdudlaşdırılmasıdır.
Mövcud reallıq göstərir ki, ölkədən çıxışa qadağalar təkcə hüquqi yox, həm də sosial aspektdə geniş müzakirə mövzusudur. Ölkədən çıxışa qadağalar, dövlətin təhlükəsizliyi və ictimai maraqların qorunması baxımından əhəmiyyətli hüquqi vasitədir.


Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü vəkil Fariz Namazlı “İnformator.az”a açıqlamasında bildirib ki, əgər şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılmasını qanunsuz və əsassız hesab edirsə, bununla bağlı məhkəməyə müraciət edə bilər:


"Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Bu hüquq həmçinin Avropa İnsan Hüquqları Konvensiyasına 4 saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulub. Həmin maddəyə görə, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Lakin bu hüquq mütləq hüquq deyil, müəyyən hallarda və məqsədlərlə məhdudlaşdırıla bilər. Bu hallar milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ola bilər. Miqrasiya Məcəlləsinə görə, bu məhdudlaşdırma aşağıdakı şəxslərə münasibətdə və qaydada tətbiq edilə bilər:

1. Şəxs cinayət qaydasında tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək;
2. Şəxs məhkum edildikdə, əsas cəzasını çəkib qurtaranadək;
3. Şəxsin barəsində cinayət qaydasında tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;
4. Şəxs şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə-müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək;
5. Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda - məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək;
6. Şəxs müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək;
7. Şəxs müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda-çağırış üzrə qərar qəbul edilənədək;
8. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda-məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;
9. Şəxs vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda-məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;
10. Şəxs beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı-profilaktik peyvəndlər edilənədək.

 

Əgər şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılmasını qanunsuz və əsassız hesab edirsə, bununla bağlı məhkəməyə müraciət edə bilər.Təcrübə göstərir ki, bəzən yuxarıdakı hallardan fərqli olaraq cinayət işləri üzrə şahid qismində dindirilmiş şəxslərin də ölkədən getmək hüququ istintaq orqanı tərəfindən məhdudlaşdırılır. Bu halda həmin şəxslər məhkəməyə müraciət edə bilər. Buna dair Avropa Məhkəməsinin qərarı da mövcuddur. Azərbaycana qarşı qərarda Avropa Məhkəməsi göstərib ki, cinayət mühakimə icraatında şahid qismində iştirak edən şəxslərin ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz".

 

Samirə Allahverdizadə

#Hüquq #ölkədənçıxış #qadağa
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər