00:00:00
Yazar
Admin User
08.11.2025 13:02 75 5 dəq oxuma
Sosial

Ölkəmizə gətirilən Monqolustan ətləri keyfiyyətlidir?

Ölkəmizə gətirilən Monqolustan ətləri keyfiyyətlidir?

Son günlərdə ölkəmizə Monqolustandan gətirilən ət məhsullarının artımı müşahidə olunur. Sosial şəbəkələrdə bir sıra satıcılar bu ətləri aktiv şəkildə reklam edir, bəzi restoran və şadlıq evlərində isə həmin ətlə hazırlanmış yeməklər təqdim olunur. Oktyabrın 25-dən dabaq xəstəliyi səbəbilə heyvan bazarlarının bağlanması diri heyvan tapılmasını çətinləşdirib və əhali arasında narahatlıq yaranıb. Nəticədə bazarda Monqolustan istehsalı olan donmuş ətin satışı genişlənib.

 

Mövzu ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, dabaq xəstəliyinin yayılma dövründə ət yalnız mənşəyi bəlli və baytar nəzarətindən keçmiş yerlərdən alınmalıdır:

 

“Dabaq xəstəliyi mövsümi olaraq illərlə müəyyən mövsümlərdə daha geniş şəkildə yaranır və bu, birinci növbədə kənd təsərrüfatına, sahibkara və təbii ki, heyvanlara zərər vurur. Çünki xəstəlik sürətlə yayıldığına görə xəstə heyvanlardan süd alma və yaxud da ətindən istifadə etmə halları bir çox hallarda olmur. Çünki heyvan ətlərinin mənşəyi bəlli olmayan yerdə satışını həyata keçirsələr, sanitar-gigiyena qaydalarına əməl etməsələr, bu halda təhlükəli ola bilər. Lakin nəzərə almaq lazımdır ki, ət zülal mənşəli məhsuldur, yüksək risk qrupuna aiddir və soyuq qida zəncirində daşınmalıdır. Satılarkən, hazırlanarkən, saxlanarkən, bişirilərkən sanitar-gigiyena qaydalarına əməl olunmaqla yanaşı, temperatur rejimində ən önəmli faktorlardan biridir. Əgər bunlara əməl olunarsa, heç bir problem olmayacaq. Burada əsas məqam odur ki, əti alarkən mənşəyi bəlli olan yerdən alınmalıdır və mütləq şəkildə baytar nəzarətindən keçməsinə dair arayışın olması da tələb olunmalıdır. Dövlət nəzarətindən keçən yerlərdən ətin alınması, xüsusilə də xəstəliyin yayılma vaxtında ən vacib məsələlərdən biridir. Əgər bir insan orqanizmi genetik olaraq ət yeməyə meyllidirsə, xüsusilə bizim bölgəni misal gətirmək olar və yaxud da ətdən alınan B12, dəmir, mioqlobin kimi faydalı elementlər var ki, bunları artıq genetik olaraq ətdən almağa öyrəşibsə, bu daha asan həzm olmaqla yanaşı, həm də orqanizm üçün daha faydalıdır. Anca təbii ki, ətdən imtina olunursa, bu zaman mütləq şəkildə balanslı qida rasionu tətbiq olunmalıdır. Çünki B12 vitamini ilə zəngin olan əti və heyvan mənşəli məhsulları rasiondan çıxarırıqsa, bu zaman B12 tərkibli çərəzlər, xüsusilə qoz, fındıq, badam kimi çərəzləri gündəlik rasiona daxil etmək lazımdır. B12 ilə yanaşı, mütləq zülal mənşəli paxlalılardan istifadə etmək lazımdır. Bunlara mərcimək, noxud, lobya, qarabaşaq kimi paxlalıları misal gətirmək olar. Mütləq bütün bunları qəbul edərkən C vitamini tərkibli tərəvəzlərdən istifadə etmək lazımdır. Çünki həmin saydıqlarımızın içindəli faydalı elementlər C vitamini ilə birlikdə qəbul olunduqda bu zaman orqanizmə doğru şəkildə mənimsənilir. Əgər yetəri qədər bu qidalarla qidalanmırsa, uzun müddətdən sonra vitamin, mineral çatışmazlığından qaynaqlanan xəstəliklər ortaya çıxa bilər. Bu, daha sonra müalicəsi çətinləşən və yaxud geri dönüşü olmayan problemlərə gətirib çıxara bilər. Əgər belə qidalanmayacaqlarsa, xüsusilə B12-ni qida əlavəsi şəklində almaq önəmlidir. Çünki B12 ətdə olduğu qədər digər saydığımız qidalarda yoxdur. Bu məqamlara da diqqət etmək lazımdır”.

 

Ekspert qeyd edib ki, xəstəlik sürətlə yayılsa da, bu, heyvandarlığın tam sıradan çıxmasına səbəb olmur:

 

“Bu şəkildə davam etməsi təbii ki, mümkün deyil. Çünki bu, uzun illərdir müəyyən xəstəliklərin bir müddətdə sürətlə yayılıb, sonra aradan qalxdığını gördüyümüz kimi bir vəziyyətdir. Bir çox hallarda yaz-payız mövsümündə heyvanlarda bu xəstəlik sürətlə çoxalır. Ancaq bu, tamamilə heyvandarlığın sıradan çıxmasına gətirib çıxarmaz. Çünki uzun illər qida məhsulları olaraq həm heyvan mənşəli, həm bitki mənşəli məhsullardan istifadə olunur. Ancaq təbii ki, iqtisadiyyat baxımından uzun müddət bu şəkildə davam etsə, yerli sahibkarlara, yerli fermerlərə, kənd təsərrüfatı ilə məşğul olan insanlara ciddi ziyan vura bilər. Ona görə də qanunvericiliklə müəyyən tədbirlər həyata keçirilir. Artıq həm yoxlamalar nəticəsində, həm də xəstəlik sürətlə yayılan yerlərdə bazarların bağlanılması, ət kəsim məntəqələrinə nəzarətin gücləndirilməsi kimi bir çox proseslər həyata keçirilir. Moqolustandan, Braziliyadan, Hindistandan, Qazaxıstandan, Pakistandan və bu kimi ölkələrdən Azərbaycana ətlər gəlir ki, bu zaman bəzi problemlər ola bilər. Bir çox hallarda soyuq qida zənciri, xüsusilə daşıma zamanı temperatur rejiminə əməl olunmazsa, daşıma zamanı maşınlarda hər hansı bir nasazlıq yaranarsa, bu zaman temperatur dəyişikliyinə görə ətin tərkibində mikrobioloji çirklənmə ola bilər. Bu da insan sağlamlığına zərər vura bilər. Burada da təbii ki, mütləq satış yerlərinə gedən ətlər hamısı yoxlanılmalıdır. Eyni zamanda xaricdən gətirilən ətləri alarkən üzərində mənşə ölkə göstərilməklə yanaşı kəsim tarixi, istehsal tarixi, son istifadə müddəti və bunları əks etdirəcək hər hansı bir arayışın, sertifikatının olması vacibdir. Baytar nəzarətindən keçməsinə dair, xüsusilə heyvandarlıq məhsullarında bir çox xəstəlik riski var ki, bunlar müəyyən ölkələrdən gələndə risk analizləri aparılır, laborator müayinələr aparılır. Əgər insan sağlamlığına hər hansı bir zərər vurmursa, qida təhlükəsizliyi qayda və normalarına cavab verirsə, bu zaman satışa buraxılır. Burada da birinci növbədə etibarlı, keyfiyyətli, mənşəyi bəlli olan yerdən məhsulların almasına diqqət olunması əsas məsələlərdən hesab olunur. Digər bir məqam isə artıq bəzi hallarda ət kəsim məntəqələrində bütün bu qaydalara əməl olunacaqsa, uzun bir yol qət olunacaqsa, bu zaman ət alınması tövsiyə olunmur. Daha çox evə yaxın yerlərdə alınması, bu da soyuq qida zəncirinin qorunmasına gətirib çıxarır. Əgər daşıma zamanda temperatur dəyişirsə, ətin donu açılırsa, yaxud da yuxarı temperaturda saxlanılırsa, bu zaman da risk faktorları daha da çoxalır”.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli isə bildirib ki, idxal olunan ət məhsullarının keyfiyyətinə dövlət nəzarəti tətbiq olunur:

 

“Monqolustandan idxal edilən ət məhsulu dondurulmuş olduğuna görə yeni kəsilmiş məhsuldan, təbii ki, ucuz olur. Monqolustanda çoxlu sayda qoyun saxlanılır. Adambaşına düşən qoyuna görə dünyada birinci yerdə durur. Ona görə orada qoyunlar daha ucuz olur. Nisbətən daha əlverişli qiymətədir deyə gətirilir. Məhsul bol olduğuna görə qiymətləri ucuzlaşdırır. Ona görə də nə qədər idxal olunsa, məhsullar bir o qədər ucuzlaşa bilər. Məhsulun olmaması məhsulu bahalaşdırır. 

 

Ağız dadı hər kəsdə bir cürdür. Amma keyfiyyətsiz məhsulu Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi ölkəyə buraxmaz. Yəni ölkəyə yeyinti məhsullarının, qida məhsullarının gətirilməsinin standartı və qaydası var. Onlara əməl edilmədikdə buraxılmır. Dövlət o məsələlərə nəzarət edir”.

 

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər