Omsk zavoduna zərbə Rusiyanın yanacaq təminatına ciddi təsir edəcək
Rusiyanın ən böyük neft emalı zavodu fəaliyyətini dayandırdı. Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumu Rusiyanın ən böyük neft emalı zavodu olan Omsk neft emalı zavodunun (NEZ) fəaliyyətinin dayanmasına səbəb olub.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Ukraynanın Rusiyanın ən böyük neft emalı zavodu olan Omsk NEZ-i sıradan çıxarması ölkənin neft emalı gücünə ciddi zərbə vuraraq benzin böhranını daha da dərinləşdirə bilər:
“Bu günə qədər Ukrayna Rusiyanın neft emalı gücünün təxminən 25%-ni sıradan çıxarıb. Yəni neftin emalı təxminən 25% azalıb. Omskdakı zavod isə Rusiyanın ən böyük neft emalı zavodu idi. Bu müəssisə ildə 15 milyon ton neft emal edirdi və ölkənin neft emalı sənayesində birinci yerdə idi. Rusiya onsuz da kifayət qədər problemlərlə üzləşib. Omsk neft emalı zavodunun sıradan çıxarılması benzin böhranını daha da dərinləşdirəcək”.
İqtisadçı bildirib ki, Ukraynanın hücum üçün məhz kənd təsərrüfatı mövsümünün ən intensiv dövrünü seçməsi təsadüfi deyil:
“Burada ən maraqlı məqamlardan biri isə Ukraynanın hücum üçün çox uyğun zaman seçməsidir. Çünki hazırda Rusiyada kənd təsərrüfatı mövsümünün ən intensiv dövrüdür. Bildiyiniz kimi, Rusiya böyük kənd təsərrüfatı ölkəsidir. Dünyada ən çox taxıl istehsal edən ölkələrdən biridir və bir çox kənd təsərrüfatı məhsullarının istehsalında liderdir. Kənd təsərrüfatı məhsulları sanksiyalardan kənarda qaldığı üçün Rusiya onları xaricə ixrac edə bilir idi”.
Həmçinin iqtisadçının sözlərinə görə, Rusiya yanacağı əsasən ordu və kənd təsərrüfatına yönəltdiyi üçün əhalinin benzinə çıxışı məhdudlaşır və narazılıq artır:
“Hazırda isə həm kənd təsərrüfatında, həm də orduda dizel və benzinə ciddi ehtiyac var. Rusiya hökuməti sanki seçim etmək məcburiyyətində qalır ki, yanacağı daha çox hansı sahəyə yönəltsin. Bu vəziyyətdə isə ən çox əziyyət çəkən əhali olur. Çünki yanacaq ilk növbədə kənd təsərrüfatına və orduya yönəldildikdə insanların benzinə çıxış imkanları xeyli məhdudlaşır. Bu isə Rusiyada narazılığın daha da artmasına səbəb olur”.
Aydan Əsgərxanlı