Onlar Mingəçevirə qayıdacaqlar!
Birinci Avropa Oyunları Mingəçevirə 2 min 500-ə qədər idmançı, onlarla birgə gələn nümayəndə heyəti və şəxsi təşəbbüsləri ilə oyunları izləməyə təşrif buyuran turistləri gətirib. Bu şəhər gələn qonaqların yaddaşında isə etik davranışları, yüksək mədəniyyəti ilə qalıb.
İnformator xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi şurasının maliyyə dəstəyi ilə “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi Mingəçevirdə Avropa Oyunları ərəfəsində etik davranış qaydalarına riayət edilməsini təbliğ edən süjet hazırlayıb.
Materialda qeyd olunub ki, Birinci Avropa Oyunlarının avarçəkmə yarışlarına ev sahibliyi edib. Şəhərə üz tutan avropalı hər bir mingəçevirlinin timsalında milli-mənəvi dəyərlərimizi, regionun özünəməxsus adət-ənənəsini öyrənib. Region əhalisi də öz növbəsində etik davranışları ilə əsl azəbaycanlı simasını ortaya qoya bilib.
Mədəniyyətimiz nümayiş olunub : “Çox qüsursuz, çox təmiz, çox alicənabcasına Mingəçevir əhalisi davrandı və öz nümunəsini onlara göstərdi. Mətbəximiz nümayiş etdirildi. istər danışıq dilində, istər küçədə, mağazada, ictimai yerlərdə, teatr binalarında, konsert salonlarında onlara xidmət etmək elə az şey deyil ki,” deyə Mingəçevir şəhər sakini Tahir Məmmədov bildirib.
Mingəçevir şəhər sakini Akim Şərifli isə deyib ki, bunun sayəsində adət-ənənələrimizi dünyaya çatdıra bildik. Göstərdik ki, Azərbaycan xalqı necə qonaqpərvərdir.
İdmançı və turistlər şəhərdə gəzərkən təmizliyi görüb, isti münasibəti hiss edib. Kimsə siqaret çəkərək istədiyi yerə atmayıb, küçələrdə hər hansı məişət tullantısına rast gəlinməyib. Təmizlik, səliqə-səhman-bunun hamısını insanlar ediblər. Özü də cəmi 3 günə. Bu, az vaxt içərisində böyük bir uğura atılan imza olub : “Böyük ürəkaçıqlığı ilə deyə bilərəm ki, bura gələn həm idmançılar, həm onları müşayiət edən nümayəndə heyətləri, eyni zamanda turistlər şəhərimizdən razı getdilər. Şəhərimizin füsunkar gözəlliyindən xüsusi zövq aldılar. Onlar Mingəçevirə qayıdacaqlar, nə vaxtsa turist kimi hökmən gələcəklər,” deyə Mingəçevir şəhər Gİİ-nin rəisi Kamal Nəcəfli bildirib.
Əldə edilən bütün uğurlar əvvəldən aparılan marrifləndirmə işinin nəticəsi idi.
