Onlayn oyunlarda kiber təhlükəsizlik: Valideyn nəzarəti və rəqəmsal risklər
Onlayn oyunlar uşaqlar və yeniyetmələr arasında böyük populyarlıq qazanıb, lakin bu platformalarda kiberhücumlar, məlumat sızmaları, onlayn zorakılıq və haker hücumları kimi risklər mövcuddur. Valideyn nəzarəti uşaqları bu rəqəmsal təhlükələrdən qorumaq üçün vacibdir, amma bu nəzarət onların müstəqilliyini və texnoloji savadını da formalaşdırmalıdır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında marketinq və süni intellekt alətləri istifadəsi üzrə təlimçi Abdulla Abdullayev bildirib ki, ən çox rast gəlinən risk hesab oğurluğudur:
“Uşaqlar zəif şifrələrdən istifadə edir, tanımadıqları linklərə klikləyir, bəzən də pulsuz oyuniçi hədiyyə vədi ilə aldadılırlar. Digər tərəfdən, onlayn zorakılıq ciddi problemdir. Çatlarda təzyiq, təhqir, manipulyasiya halları olur. Saxta profillər də ayrıca riskdir, çünki hər ekrandakı insan uşaq olmur.
Valideynlər oyun hesablarını qorumaq üçün nə edə bilər?
Birinci addım texniki deyil, ünsiyyətdir. Uşaq bilməlidir ki, niyə şifrəni paylaşmaq olmaz? Güclü şifrələrdən istifadə etmək, iki mərhələli doğrulamanı aktiv etmək çox effektlidir. Oyunların məxfilik ayarlarını yoxlamaq da vacibdir. Valideyn nəzarəti yalnız məhdudlaşdırmaq deyil, düzgün vərdiş formalaşdırmaqdır. Şəxsi məlumatlar kiberhücum üçün necə istifadə oluna bilər. Uşaq adını, yaşını, məktəbini paylaşanda bu məlumatlar birləşdirilir. Sonra həmin uşağa daha inandırıcı mesajlar göndərilir. Bu fişinq hücumlarını asanlaşdırır. Bəzən hesabın bərpası üçün istifadə olunur, bəzən də sosial mühəndislik yolu ilə uşaq yönləndirilir. Problem məlumatın təkcə paylaşılması deyil, onun necə istifadə edilə bilməsidir. Məncə, əsas məsələ qadağa yox, şüurlu yanaşmadır. Uşaq təhlükəni anlayanda özü də daha diqqətli olur. Bu uzunmüddətli qorumanın ən sağlam yoludur”.
Banuçiçək Məmmədova
