00:00:00
Yazar
Admin User
20.01.2026 15:59 85 2 dəq oxuma
Sosial

Onlayn reputasiya kimliyimizə çevrilirmi?-Rəqəmsal imic, real insan

Onlayn reputasiya kimliyimizə çevrilirmi?-Rəqəmsal imic, real insan

Rəqəmsal dövrdə insanın kimliyi artıq yalnız şəxsiyyət və davranışlarla deyil, axtarış nəticələri, sosial media paylaşımları və başqalarının onlayn rəyləri ilə formalaşır. Bir paylaşım, bir şərh və ya bir etiket insanın cəmiyyətdəki yerini dəyişə, bəzən isə real həyatda heç tanımayan insanların belə hökm verməsinə səbəb ola bilir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə ekspert Elvin Abbasov qeyd edib ki, onlayn reputasiya fərdin rəqəmsal məkanda qoyduğu bütün izlərin-sosial media profilləri, axtarış sistemlərindəki məlumatlar, onlayn rəylər və paylaşımların cəmindən yaranan ictimai rəydir:

 

“Bu, bir növ insanın rəqəmsal "vizit kartı" hesab olunur və onun haqqında heç bir fiziki tanışlığı olmayan insanların beynində ilkin təəssürat formalaşdırır. Müasir dövrdə onlayn reputasiya statik bir məlumat deyil, daim yenilənən və başqalarının şərhləri ilə manipulyasiya edilə bilən dinamik bir kimlik formasıdır. İşə qəbul prosesində onlayn reputasiya artıq ən azı CV qədər, bəzən isə ondan daha həlledicidir. Bir çox şirkətlərin HR (İnsan Resursları) mütəxəssisləri namizədi müsahibəyə çağırmazdan əvvəl onun sosial media fəaliyyətini ("background check") araşdırırlar. Namizədin sosial şəbəkələrdəki etik davranışları, istifadə etdiyi dil, paylaşdığı maraq dairələri və ya keçmiş iş yerləri haqqındakı neqativ rəyləri onun peşəkarlığı haqqında mühüm siqnallar verir. Hətta yüksək ixtisaslı bir kadrın onlayn məkanda radikal, təhqiramiz və ya qeyri-etik paylaşımlarının olması onun işə qəbul şansını sıfıra endirə bilər. Sağlam onlayn reputasiya formalaşdırmaq üçün ilk növbədə "rəqəmsal gigiyena" qaydalarına əməl edilməlidir. Bu, paylaşılan hər bir məlumatın uzunmüddətli təsirini düşünmək, gizlilik tənzimləmələrini düzgün idarə etmək və peşəkar şəbəkələrdə (məsələn, LinkedIn) aktiv fəaliyyət göstərməyi tələb edir. İnsan öz adını axtarış sistemlərində mütəmadi yoxlamalı, köhnə və ya arzuolunmaz məlumatların silinməsi üçün "unudulmaq hüququndan" istifadə etməli və yalnız öz dəyərlərinə uyğun, faydalı kontent istehsal edərək müsbət rəqəmsal iz buraxmalıdır”.

 

Banu Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər