00:00:00
Yazar
Admin User
06.11.2025 17:52 121 4 dəq oxuma
Sosial

Onlayn təhsil ənənəvi məktəbi əvəz edə bilərmi?

Onlayn təhsil ənənəvi məktəbi əvəz edə bilərmi?

Onlayn təhsil hər kəs üçün əlçatanlıq və rahatlıq təmin edir. İstənilən şəxs evindən çıxmadan dərsə qoşula, beynəlxalq müəllimlərdən dərs ala və müxtəlif resurslardan yararlana bilər.Bu sistemin əsas üstünlüyü-Onlayn təhsil hər kəs üçün əlçatanlıq və rahatlıq təmin edir. İstənilən şəxs evindən çıxmadan dərsə qoşula, beynəlxalq müəllimlərdən dərs ala və müxtəlif resurslardan yararlana bilər.Bu sistemin əsas üstünlüyü-zaman və məkan məhdudiyyətinin olmamasıdır. Məsələn, bir tələbə həm işlə, həm də təhsillə məşğul ola bilər; bir müəllim isə eyni vaxtda fərqli ölkələrdən şagirdlərə dərs deyə bilər.

 

Bu mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “İnformator.az”a bildirib ki,onlayn təhsil XXI əsrin təhsil sisteminin ən mühüm istiqamətlərindən birinə çevrilib:

 

“İnformasiya texnologiyalarının inkişafı, pandemiya dövründə əldə olunan təcrübə və qlobal rəqəmsal transformasiya bu modeli sürətlə aktuallaşdırıb.Lakin bu inkişafın təhsil keyfiyyətinə, sosial ünsiyyətə və pedaqoji nəticələrə təsiri fərqli səviyyələrdə özünü göstərir. Ənənəvi məktəb insanın formalaşmasında yalnız bilik ötürmə funksiyasını deyil, həm də sosiallaşma, emosional inkişaf və dəyərlərin aşılanması kimi dərin pedaqoji funksiyaları yerinə yetirdiyi üçün hələlik tam əvəzolunmazdır.Onlayn və ənənəvi təhsil arasındakı fərqlər əsasən pedaqoji prosesin mahiyyətində, sosial mühitdə və öyrənmə dinamikasında cəmlənir. Ənənəvi məktəb sinif mühiti, müəllim–şagird qarşılıqlı təsiri, davranış modellərinin müşahidəsi və komandada işləmə bacarıqları ilə fərqlənir. Onlayn təhsildə isə bu faktorlar texnologiya vasitəsilə simulyasiya olunur. Məsələn, UNESCO-nun 2023-cü il hesabatına əsasən, onlayn tədris sistemlərində iştirak edən tələbələrin 68%-i daha çox informasiya əldə etdiyini, lakin yalnız 42%-i dərs zamanı emosional və sosial əlaqə hiss etdiyini bildirib. Bu, göstərir ki, onlayn mühitdə bilik ötürülməsi daha effektiv ola bilər, lakin sosial inkişaf komponenti zəif qalır.Elm və Təhsil Nazirliyinin 2022-ci ildə keçirdiyi sorğuya görə, pandemiya dövründə Azərbaycanda onlayn dərslərdə iştirak səviyyəsi 85%-ə çatıb, lakin şagirdlərin 47%-i diqqət və motivasiyanın azalmasından şikayətlənib. Bu nəticə onlayn təhsilin psixoloji və motivasiya aspektlərində daha çox təkmilləşdirilməyə ehtiyac olduğunu göstərir. “Təhsil haqqında” Qanunun 13-cü maddəsində göstərilir ki, təhsil prosesi “təhsilalanın şəxsiyyətinin formalaşması və sosial adaptasiyasına xidmət etməlidir.” Bu baxımdan, onlayn təhsil bilik ötürmə vasitəsi kimi səmərəli olsa da, insan tərbiyəsi və sosial ünsiyyətin formalaşması funksiyalarında ənənəvi məktəbi tam əvəz edə bilmir. Motivasiya məsələsi də bu kontekstdə xüsusi önəm daşıyır. Onlayn dərslərdə şagird və tələbələrin motivasiyası daha çox özünənəzarət, daxili məsuliyyət və fərdi planlaşdırma bacarığı ilə bağlı olur. Ənənəvi məktəbdə isə müəllim və sinif yoldaşlarının iştirakı, rəqabət və sosial dəstək motivasiyanı xarici amillərlə gücləndirir. Dünya Bankının 2024-cü il “Digital Education Outlook” hesabatına görə, qarışıq (hibrid) təhsil modellərində şagirdlərin iştirak faizi sırf onlayn təhsilə nisbətən 35% daha yüksək olub. Bu nəticə göstərir ki, onlayn və ənənəvi formatların sintezi daha effektiv nəticə verir.Virtual mühitdə müəllim–tələbə münasibətinin forması da dəyişir. Ənənəvi sinifdə müəllim emosional reaksiya, bədən dili, canlı ünsiyyət və davranış vasitəsilə şagirdin inkişafını müşahidə edə bilir. Onlayn tədrisdə isə bu əlaqə ekran arxasında məhdudlaşır və pedaqoji təsirin emosional komponenti azalır. Psixoloji tədqiqatlar göstərir ki, virtual tədrisdə müəllimlə şagird arasında empatiya səviyyəsi 25–30% aşağı olur. Bu, təhsil prosesinin tərbiyəvi və emosional aspektlərinin zəifləməsinə gətirib çıxarır. Buna baxmayaraq, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə tətbiq edilən “Rəqəmsal Məktəb” platforması, “Müəllim” və “Virtual Sinif” sistemləri bu boşluğu qismən kompensasiya etməyə yönəlib. Dünya təcrübəsində Finlandiya, Sinqapur və Cənubi Koreya kimi ölkələr onlayn təhsili ənənəvi sistemlə birləşdirərək “blended learning” modelini tətbiq edir”.

 

O həmçinin qeyd edib ki,bu modeldə şagirdlər həftənin bir hissəsində sinifdə, digər hissəsində onlayn mühitdə təhsil alır, bu da həm texnologiyanın imkanlarını, həm də sosial ünsiyyəti balanslaşdırır:

 

“ABŞ-də “Coursera for Schools” və “Khan Academy” kimi platformalar təhsilin rəqəmsallaşmasını genişləndirir, lakin bu ölkələrdə belə məktəblərin sosial missiyası qorunub saxlanılır. Təhlil nəticəsində aydın olur ki, onlayn təhsil ənənəvi məktəbi tam əvəz edə bilməz, lakin onu tamamlayan, təhsilin keyfiyyətini və əlçatanlığını artıran mühüm mexanizmdir. Ənənəvi məktəb şəxsiyyətin formalaşması, sosial bacarıqların inkişafı və emosional zəkaya təsir baxımından əvəzolunmazdır. Lakin onlayn təhsil biliklərin demokratikləşməsi, vaxt və resurs baxımından səmərəlilik təmin edir. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi “rəqəmsal siniflər”, “distant təhsil qaydaları” və müəllimlər üçün rəqəmsal savadlılıq təlimləri müasir dövrün tələblərinə uyğun islahatlar kimi qiymətləndirilməlidir. Nazirliyin müsbət işi ondadır ki, texnologiyanı məqsəd deyil, vasitə kimi təqdim edir, yəni insan faktoru əsas prioritet olaraq qalır. Gələcəkdə təhsil sistemində hibrid modellərin genişlənməsi, müəllimlərin rəqəmsal pedaqogika üzrə ixtisasartırması və regionlarda internet infrastrukturunun gücləndirilməsi bu sahədə yeni mərhələ açacaq. Onlayn təhsil ənənəvi məktəbi əvəz etməsə də, onun məzmununu zənginləşdirən, əlçatanlığı artıran və öyrənməni fərdiləşdirən bir alətdir. Ən doğru yanaşma bu iki sistemin rəqabəti deyil, sintezi olmalıdır. Bu, həm təhsildə keyfiyyət, həm də bərabərlik prinsiplərinin təmin olunması üçün vacib şərtdir”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər