00:00:00
Yazar
Admin User
05.02.2026 16:06 34 2 dəq oxuma
Sosial

Onlayn yoxsa əyani?

Onlayn yoxsa əyani?

Artıq vətəndaşlar banka getmədən, bir neçə dəqiqə ərzində onlayn kredit üçün müraciət edə bilirlər. Bəs bu üsul həqiqətən daha sərfəlidirmi, yoxsa əyani müraciət hələ də üstünlüklərini qoruyur?

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı ekspert İsmayıl Məmmədov bildirib ki, onlayn və əyani kreditlər bir-birini tamamlayır, seçim isə vəziyyətə görədir:

 

“Onlayn və əyani kreditlər bir-birinə alternativ deyil, bir-birini tamamlayan mexanizmlərdir. Bunu “İqtisadiyyatın Dördbucaqlı Qaydası” ilə izah etmək olar: sürət, xərc, risk və insan faktoru. Onlayn və əyani kreditlər bu dördbucağın fərqli tərəflərini ön plana çıxarır. Onlayn kreditlər sürət, rahatlıq və standartlaşma üzərində qurulub. Bu modeldə bank avtomatik risk qiymətləndirmə sistemlərinə güvənir. Əyani müraciətlər isə insan faktoru, izah imkanı və fərdiləşdirmə üstünlüyü yaradır. Xüsusilə iri məbləğli kreditlərdə bu amil daha önəmlidir. Onlayn kreditlər bank üçün daha aşağı əməliyyat xərci yaratdığına görə, kiçik məbləğlərdə daha rəqabətli şərtlər təqdim oluna bilir. Əyani kreditlərdə isə bank müştərini daha dərindən tanıyır və faiz, limit, müddət kimi şərtlərdə çeviklik göstərə bilir. Kiçik və qısa müddətli kreditlər üçün onlayn müraciət daha məqsədəuyğundur. Böyük məbləğli və uzunmüddətli öhdəliklərdə isə əyani müraciət daha rasional seçim sayılır.

 

Onlayn kreditlər düzgün yanaşılarsa, riskli deyil. Risk bankdan deyil, tələsik qərardan yaranır. Müştəri müqaviləni oxumadan təsdiqləyirsə, sığorta və əlavə xidmətləri yoxlamırsa, problem qaçılmaz olur. Bankların bütün şərtləri açıqlamaq öhdəliyi isə normativ tələblərlə tənzimlənir.

 

Bank sektorunda trend aydındır: hibrid model qalib gələcək. Yəni müraciət onlayn ediləcək, dəyərləndirmə ağıllı sistemlə aparılacaq, zəruri hallarda isə insan müdaxiləsi olacaq. Bu yanaşma bank üçün risklərin, müştəri üçün isə xərclərin optimallaşdırılması deməkdir.

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər