"Oyanın, ay yatmışlar" - Bizə yuxulu iclaslar yox, ayıq beyinlər lazımdır
Bir ölkənin gələcəyi təkcə ordusunun gücü ilə ölçülmür. O gələcək həm də elm auditoriyalarında, laboratoriyalarda, beyinlərin ayıq-sayıq qalmasında formalaşır. Amma bəzən elə mənzərə yaranır ki, insan öz-özünə sual verir: bu auditoriyalarda gələcək doğrudanmı qurulur, yoxsa sadəcə vaxt doldurulur ?
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasından yayılan kadrlar cəmiyyətdə haqlı narazılıq doğurdu. Elm müzakirə olunmalı olan bir məkanda sükutun hökm sürməsi, bəzi “alim”lərin mürgüləməsi təsadüfi detal deyil. Bu, problemin simvoludur. Elm danışanda yatmaq, elm susanda isə mövqe tutmaq - əsas dərd də elə budur.
Bu mənzərəni ölkə rəhbərliyinin elmə münasibəti ilə yanaşı qoyanda ziddiyyət daha qabarıq görünür. İlham Əliyev illərdir ki, elm və təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri kimi təqdim edir. Yeni universitet kampusları, tədqiqat mərkəzləri, gənc alimlər üçün qrantlar, beynəlxalq layihələr, rəqəmsallaşma təşəbbüsləri - bütün bunlar təsadüf deyil. Dövlət elm üçün şərait yaradır, amma görünür, hər kəs bu fürsətin məsuliyyətini dərk etmir. Elm adamı yalnız titul daşıyan şəxs deyil. Elm adamı cəmiyyətin düşünən beyni, narahat vicdanı, daim sual verən tərəfidir. İclasda mürgüləyən alim isə istər-istəməz başqa bir sual yaradır: bu adam öz sahəsində nəyi araşdırır, nəyi müdafiə edir, nəyi inkişaf etdirir ?Burada söhbət təkcə bir iclasdan getmir. Söhbət elmə münasibətdən gedir. Əgər ölkənin birinci şəxsi elmi inkişaf üçün siyasi iradə göstərirsə, amma bəzi akademik dairələrdə bu iradəyə laqeydlik varsa, problem maliyyədə, binada, avadanlıqda deyil, problem məsuliyyətdədir.
Cənab Prezident elmə investisiya edir. Bəzi “alim”lər isə bu investisiyanı yuxuya dəyişir. Bu, sadəcə etik problem deyil, bu, dövlətə və cəmiyyətə hörmətsizlikdir. Çünki elm xalqın vergisi ilə ayaqda qalır və o xalqın sabahı üçün işləməlidir. Bu gün Azərbaycan elminə süni hesabatlar yox, real nəticələr lazımdır. Yuxulu iclaslar yox, ayıq beyinlər lazımdır. Əks halda, kağız üzərində yazılan “inkişaf” cümlələri zalda eşidilməyən, amma kənardan açıq-aşkar görünən mürgüləmə ilə təkzib olunur. Elm üçün edilənlərlə, elm adından edilənlər arasındakı fərq də elə burada üzə çıxır.
Utanın, utanın !!
Mayıl Soltan
