Özümüzə yaraşanı geyinək yoxsa brend markanı?
“Əslində mənə çox yaraşar, amma brend deyil. Ala bilmərəm”.
Geyim vərdişlərimiz durmadan dəyişir. Artıq brend markalardan geyim almaq bizdə aludəçilik həddinə çatıb. Görəsən bizi bu qədər brend düşkünü edən şey nədir? Ekspertlər bu barədə nə deyir. Brendlə adi markanın fərqi nədir?
Satış üzrə ekspert Nəvai Abdullayev başlıca fərqin keyfiyyət olduğunu düşünür: “Brend geyim alıb onu illərlə istifadə edə bilərik. Adi marka üçün eynisini demək olmaz. Brend elə bir şeydir ki, nəinki məhsulu ilə. Adıyla belə seçilir”.
Təbii ki, brend həvəskarı olmaq pis bir şey deyil. Amma aludəçiyə çevrildikdə məsələ dəyişir. Psixoloq Nuriyyə Quliyeva deyir ki, davamlı olaraq reklam edilən bəzi brendlərin insana özünü daha dəyərli hiss etdirəcəkmiş kimi təqdim olunması inkişaf dövründə olan uşaq və gəncləri çaşdırır: “Məsələnin kökü özünə güvənsizliklə bağlıdır. İnsan müəyyən qüsurunun olduğunu bilir və bunu özünə sığışdıra bilmir. Çalışır qüsurlu tərəflərini həmin brend geyimlərlə örtsün. Bu, xüsusilə, yeniyetmə yaşında olan uşaqlara aiddir. Onlar çevrələrində olan həmyaşıdlarında həmin brendi gördükdə təkidlə eyni markadan istəyirlər. Çünki düşünürlər ki, həmin şəxs o brendlə seçilir, göz önündədir”.
Təbii ki, bu hər kəsin şəxsi seçimidir, amma özümüzə yaraşdırmadığımız halda sırf brend olduğu üçün geyimə üstünlük veririksə və ya maddi vəziyyətimiz imkan vermədiyi halda brend məhsula can atırıqsa, burada problem yaranır. Məşhur amerikalı modelyer Marc Jacobsun da dediyi kimi; “Geyimlər içində kimsə olmayana qədər heç bir əhəmiyyət kəsb etmir”.
Xumar Bayramqızı
