00:00:00
Yazar
Ayşən Səlimova
15.02.2026 21:38 14 3 dəq oxuma
Siyasət

Özbəkistan və Qırğızıstan prezidentləri strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər

Özbəkistan və Qırğızıstan prezidentləri strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadır Japarov telefon danışığı zamanı dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsini müzakirə ediblər. Danışıqlar zamanı ölkələr ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini nəzərdən keçirib və qarşılıqlı ticarətin davamlı artımını məmnunluqla qeyd ediblər. 

  

Mövzu ilə bağlı Milli Məclisin Deputatı Arzuxan Əlizadə "İnformator.az"a açıqlamasında bildirib, Qırğızıstan faktiki olaraq Özbəkistandan ötürülən qazdan asılı vəziyyətdədir:

 

"Qırğızıstan və Özbəkistan min kilometrdən artıq dövlət sərhədinə malik qonşu dövlətlərdir və əslində eyni kökdən olan millətlərdir. Türk Dövlətləri Təşkilatında da Azərbaycanla birlikdə bir təşkilat formatında əməkdaşlıq mövcuddur. Hər iki respublika SSRİ-nin tərkibində idi və həmin dövrdə mövcud olan bəzi problemlər sonradan müstəqil dövlətlərə çevrildikdən sonra dövlətlərarası münasibətlərə də yansımış oldu. Demarkasiya və delimitasiya prosesindən keçmək xüsusilə, ilkin dövrlərdə, həm Qırğızıstan, həm də Özbəkistan müstəqilliklərini elan etdikdən sonra ciddi fikir ayrılıqlarına səbəb olmuşdu. Amma bu proses addım-addım aradan qaldırılıb və indi sərhədin çox az bir hissəsində demarkasiya-delimitasiya prosesinin yekunlaşması qalır, digər hissələrdə isə razılaşmalar əldə olunub və proses yekunlaşıb. Eyni zamanda Qırğızıstan faktiki olaraq Özbəkistandan ötürülən qazdan asılı vəziyyətdədir və ilkin dövrlərdə müəyyən problemlər yarananda qaz verilişinin dayandırılması halları da olmuşdu. Bu, İslam Kərimovun dövründə baş verirdi və müəyyən təzyiqlər edilirdi Qırğızıstana. Amma indi, təbii ki, münasibətlər çox yaxşıdır və üst səviyyədə inkişaf etməkdədir. Qeyd etdiyim kimi, xüsusilə Türk Dövlətləri Təşkilatı formatında Qırğızıstan və Özbəkistan arasında yaxınlaşma daha da güclənib. Kommunikasiya qovşaqları inkişaf edir. Çin–Özbəkistan–Qırğızıstan dəmir yolu xətti qurulur və təbii ki, bu, münasibətlərə müsbət təsir göstərir". 

 

Ekspertin sözlərinə görə, iqtisadi münasibətlərin genişlənməsi dövlətlərarası rəsmi münasibətlərə də müsbət mənada təsirsiz ötüşmür:

 

"Su problemi ilə bağlı da müəyyən anlaşılmazlıqlar olub, lakin artıq görünən odur ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadır Japarov iki dövlət arasında münasibətlərin ən yüksək səviyyədə inkişafında maraqlıdırlar. Qonşu və eyni kökə malik xalqlar arasında münasibətlərin möhkəmlənməsi dövlətlərarası əlaqələrə də müsbət dinamika verir. Belə yaxın əməkdaşlıq və birgə fəaliyyət regionda dayanıqlılığa səbəb olur. İqtisadi-ticari münasibətlərin genişlənməsi, kommunikasiya qovşaqlarının fəaliyyətə başlaması və ticarət dövriyyəsinin artması həm region dövlətləri üçün əhəmiyyətlidir, həm də Qırğızıstan və Özbəkistan üçün müsbət tendensiyanın formalaşmasına imkan yaradır. Xüsusilə, bir daha qeyd etmək istəyirəm ki, Türk Dövlətləri Təşkilatı formatında birgə fəaliyyət, vahid strategiyanın müəyyənləşdirilməsi, xarici siyasətdə mövqelərin uzlaşdırılması, müdafiə və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi hər iki dövlətin imkanlarının genişlənməsinə səbəb olur. Biz də Azərbaycan olaraq ümid edirik və əminik ki, müstəqilliyin ilkin dövrlərində mövcud olmuş müəyyən anlaşılmazlıqlar tam aradan qaldırılacaq və Türk Dövlətləri Təşkilatında təmsil olunan dövlətlər gələcək fəaliyyətlərini elə quracaqlar ki, bu təşkilat bütövlükdə türk dövlətlərinin birgə gücü ilə dünyanın əsas güc mərkəzlərindən birinə çevrilə biləcək".

 

Xədicə Məhərrəmli

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər