00:00:00
Yazar
Elmira Ağayeva
12.05.2026 20:56 19 2 dəq oxuma
Siyasət

Pakistan İran üçün həm etibarlı, həm də münasib vasitəçi kimi görünür” – ŞƏRH

“Pakistan İran üçün həm etibarlı, həm də münasib vasitəçi kimi görünür” – ŞƏRH

İran ABŞ ilə münaqişələrin həlli istiqamətində dialoqu yalnız Pakistan vasitəsilə aparır, baxmayaraq ki, digər ölkələr də regiondakı gərginliyin azaldılması üçün addımlar atırlar”.

 

 

Bu fikirləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai səsləndirib.

 

 

Mövzu ilə bağlı politoloq Ülviyyə Zülfüqar “İnformator.az”a açıqlamasında bildirib ki, İranın ABŞ ilə dialoq üçün məhz Pakistan kanalına üstünlük verməsi bir neçə strateji səbəblə bağlıdır:

 

 

 

“İlk növbədə, Pakistan həm ABŞ, həm də İranla münasibətlərini tam şəkildə pozmayan azsaylı regional oyunçulardan biridir. Rəsmi İslamabad bir tərəfdən Vaşinqtonla təhlükəsizlik və hərbi əməkdaşlıq xəttini qoruyub saxlayır, digər tərəfdən isə İranla sərhəd təhlükəsizliyi, enerji və regional məsələlər üzrə əlaqələrini davam etdirir.

 

 

 

Bundan əlavə, Pakistanın müsəlman dövləti olması və regionun həssas siyasi balansını yaxşı bilməsi İran üçün onu etibarlı və münasib vasitəçi kimi təqdim edir.

 

 

 

Pakistanın vasitəçi rolu müəyyən mənada gərginliyin idarə olunmasına təsir göstərə bilər. Çünki hazırkı mərhələdə əsas məqsəd tərəflərin tam yaxınlaşması deyil, daha çox mümkün qarşıdurma və böhran riskinin nəzarətdə saxlanılmasıdır.

 

 

 

Xüsusilə Hörmüz boğazında və ümumilikdə Yaxın Şərqdə gərginliyin artması Pakistan üçün həm iqtisadi, həm də təhlükəsizlik baxımından ciddi risklər yarada bilər. Buna görə də rəsmi İslamabad regionda sabitliyin qorunmasında maraqlı görünür.

 

 

 

Bununla belə, Pakistanın vasitəçiliyinin ABŞ–İran münasibətlərini tam normallaşdıracaq səviyyədə nəticə verməsi hələlik real görünmür. Çünki tərəflər arasında əsas fikir ayrılıqları nüvə proqramı, sanksiyalar, regional təsir uğrunda rəqabət və təhlükəsizlik məsələləri ilə bağlıdır.

 

 

 

Bu kimi mürəkkəb problemlərin həlli yalnız vasitəçiliklə deyil, daha geniş siyasi kompromislər yolu ilə mümkün ola bilər. Lakin bütün hallarda Pakistan kanalı tərəflər arasında dialoqun qorunması və mümkün eskalasiyanın qarşısının alınması baxımından mühüm diplomatik platforma kimi qiymətləndirilə bilər”.

 

 

Nuray Əliyeva

#ABŞ #İran #Pakistan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər