Pakistanda aprel görüşlərində İranla razılaşmanın qarşısını Marko Rubio alıb
Apreldə Pakistanda İran nümayəndə heyəti ilə keçirilən danışıqlar zamanı razılaşmanın əldə olunmasının qarşısını ABŞ dövlət katibi Marko Rubio alıb.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin İran və Pakistan arasında mümkün razılaşmaya ehtiyatla yanaşmasının əsas səbəbi İranın Pakistan vasitəsilə regional diplomatik manevr imkanlarını artırması ola bilər:
“Apreldə Pakistan ABŞ-İran danışıqlarında vasitəçi rolunu oynayırdı və tərəflər arasında birbaşa təmasların qurulmasına şərait yaradırdı. Sonradan ABŞ və İran arasında Pakistan görüşlərində razılaşma əldə olunmayıb. Vaşinqton üçün əsas məsələ İranın regional təcriddən çıxaraq Pakistan kimi mühüm regional aktorla daha geniş siyasi və təhlükəsizlik əməkdaşlığı qurmasıdır. İran-Pakistan anlaşması Tehranın diplomatik manevr imkanlarını genişləndirə bilərdi. Bu da ABŞ-nin İran üzərində iqtisadi və siyasi təzyiq mexanizmlərinin təsirini müəyyən qədər azalda bilərdi. Digər tərəfdən, Pakistanın İranla yaxınlaşması ABŞ üçün Cənubi Asiya və Yaxın Şərq siyasətinin kəsişdiyi nöqtədə əlavə mürəkkəblik yaradır. Pakistan həm ABŞ-lə əlaqələrə, həm də İranla uzun sərhədə malikdir”.
Politoloq həmçinin bunu da qeyd edib ki, İslamabadın Tehranla münasibətlərində böyük dəyişiklik Vaşinqtonun regiondakı hesablamalarına təsir göstərə bilər:
“Lakin burada məsələni yalnız ABŞ-nin “İran-Pakistan münasibətlərinin yaxşılaşmasına qarşı olması” kimi təqdim etmək düzgün olmaz. Vaşinqton üçün əsas məsələ hər hansı razılaşmanın İranın nüvə proqramı, Hörmüz boğazı və regional təhlükəsizlik məsələlərində ABŞ-nin tələblərindən kənarda formalaşmasıdır. Rubio da sonrakı danışıqlarda İranın nüvə proqramının məhdudlaşdırılması və Hörmüz boğazının açıq saxlanılmasını əsas şərtlər kimi göstərib”.
Güllər Gülhüseynova