Pakistanın sülh təşəbbüsü: BÖYÜK GÜCLƏR RAZILIĞA GƏLİR?- ŞƏRH
Pakistan İran və ABŞ-yə döyüş əməliyyatlarının dayandırılması planını təqdim edib. Bu təşəbbüsün məqsədi regionda gərginliyi azaltmaq və sülh imkanlarını yaratmaqdır.
Mövzu ilə bağlı “İnformator.az”a danışan hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, Pakistanın təqdim etdiyi plan əslində, beynəlxalq təhlükəsizlik və regional təhlükəsizliyi təmin etmək baxımından kifayət qədər xoş bir addımdır:
“Ancaq təəssüf olsun ki, indi ya Pakistanın, ya da başqa bir dövlətin təqdim edəcəyi hər hansı bir planın işləyəcəyini demək çətindir. Ona görə ki, İran da , ABŞ də, İsrail də böyük dövlətlərdir, onların hər birinin özünün ayrılıqda milli maraqları var və belə böyük dövlətlər üçün ya Pakistanın, ya başqa hər hansı bir dövlətin nə istəyi, nə də məsləhəti önəmlidir. Onların öz maraqları nədirsə, o istiqamətdə addım atacaqlar. Məhz buna görə də, indi Pakistanın təqdim edəcəyi plan birmənalı olaraq həyata keçirilə bilməz”.
Həşim Səhrablı qeyd edib ki, Pakistanın təklifinin birmənalı həyata keçirilməsi qeyri-mümkündür:
“Bu addım nə İranda, nə də İsraildə qəbul ediləcək. Bu üç ölkənin xarici siyasətinə təsir edəcək bir hüquqi akt sayılmayacaq. Bu sadəcə bir təklifdir. Bu təklif üzərində dəyərləndirmələr aparılacaq, amma bu o demək deyil ki, tərəflər bunu qəbul edəcək və ya bir hüquqi akt hesab edərək həyata keçirilməsini zəruri hesab edəcəklər. Hər iki tərəfin özünün təklifləri var və bu təkliflərə baxanda görürük ki, bir növ ABŞ İrandan təslim olmasını istəyir və qarşılığında da İran ABŞ-dən təslim olmasını istəyir. Yəni heç bir tərəf güzəştə getməkdə maraqlı deyil”.
Nurgün Qənizadə