00:00:00
Yazar
Admin User
22.01.2026 15:44 75 2 dəq oxuma
Sosial

Panik Ataklar: Səbəblər, təsirlər və psixoloji yanaşmalar

Panik Ataklar: Səbəblər, təsirlər və psixoloji yanaşmalar

 

Panik ataklar son illərdə həm gənclər, həm də yetkinlər arasında daha çox müşahidə olunan psixoloji problemlərdəndir. Birdən-birə yaranan güclü qorxu, ürək döyüntüsünün sürətlənməsi, nəfəs darlığı və nəzarət itirmə hissi insan həyatına ciddi təsir göstərə bilər. Panik atakların səbəbləri çoxşaxəlidir: genetik meyllər, stress, travmalar və həyat tərzi bu vəziyyətin ortaya çıxmasına səbəb ola bilər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, panik atakların ən əsas fərqi onların qəfil və intensiv başlamasıdır:

 

“İnsan real təhlükə olmadan birdən-birə güclü qorxu yaşayır, ürək döyüntüsü sürətlənir, nəfəs alma çətinləşir, başgicəllənmə, əllərdə keyimə və “öləcəyəm”, “ağlımı itirəcəyəm” kimi düşüncələr ortaya çıxır. Digər narahatlıq halları daha uzunmüddətli və fon şəklində davam etdiyi halda, panik atak adətən qısa sürür, amma təsiri çox güclü olur. Əsas qorxu artıq konkret hadisədən yox, panik atakın özünü yenidən yaşamaqdan ibarət olur. Uzunmüddətli stress sinir sistemini daim “hazır vəziyyətdə” saxlayır. İş yükü, məsuliyyət, sosial gözləntilər, emosiyaların ifadə olunmaması və ya travmatik hadisələr bədənin tükənməsinə səbəb olur. Bu zaman beyin adi bədən reaksiyalarını belə təhlükə kimi şərh edə bilər. Məsələn, sadə bir ürək döyüntüsü “nəsə pis olur” düşüncəsini yaradır və bu, panik atakı işə salır. Yəni panik atak çox vaxt yığılıb qalan emosional gərginliyin bədən dili olur. Ən vacib məqam panik atakın təhlükəli olmadığını anlamaqdır. Bu hisslər çox qorxuducu olsa da, insana fiziki zərər vermir. Nəfəs texnikaları, bədəni yerə “ankorlamaq” (ətrafda gördüyü 5 şeyi saymaq kimi), bədən siqnallarını müşahidə edib onlarla mübarizə aparmamaq faydalıdır. Kofein və yuxusuzluğun azaldılması, fiziki aktivlik və gündəlik ritmin tənzimlənməsi də önəmlidir. Uzunmüddətli və təkrarlanan panik ataklarda isə psixoloqla işləmək, xüsusilə koqnitiv-davranışçı yanaşma, çox effektiv nəticə verir. Məqsəd panik atakı yox etmək deyil, ondan qorxmamağı öyrənməkdir”.


Banu Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər