Paşinyan: Azərbaycan dəmir yolu bir ilə yaxındır Ermənistan yükləri üçün açıqdır
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla kommunikasiyalarla bağlı diqqətçəkən açıqlama verib. O bildirib ki, Azərbaycan ərazisindən keçən dəmir yolu artıq bir ilə yaxındır Ermənistan yükləri üçün açıqdır və bu istiqamətdə texniki imkanlar mövcuddur.
Mövzu ilə bağlı politoloq Asif Nərimanlı “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın dəmir yollarının Ermənistan yükləri üçün açılması cari dövrdə bu ölkənin üzləşdiyi iqtisadi problemlərin aradan qaldırılması baxımından müsbət rol oynaya bilər. Çünki Ermənistan Rusiyanın iqtisadi təzyiqləri ilə üzləşir. Xüsusilə, Ermənistan məhsullarına qoyulan qadağalar bu ölkədə ciddi problemlər yaradır. Bu da o deməkdir ki, Ermənistanın ixrac imkanları azalır.
“Rusiya Ermənistana qarşı ticarət və xammal embarqoları tətbiq edir. Xüsusilə, bu proses seçkilərdən əvvəl başlayıb. Ermənistan hakimiyyəti, Paşinyan hökuməti isə bunun seçkilərlə bağlı olduğunu və seçkilərdən sonra Rusiya ilə müəyyən anlaşmanın əldə oluna biləcəyini düşünürdü. Lakin seçkilərdən sonra da Rusiya bu məsələdə geri addım atmır”.
Nərimanlının sözlərinə görə, ən önəmli məsələ Azərbaycan Respublikasında dəmir yolu əlaqələrinin yaradılması və ticarət əlaqələrinin inkişaf etdirilməsidir. Zəngəzur dəhlizinin açılması və Naxçıvana birbaşa, maneəsiz çıxışın əldə edilməsi də bizim üçün əsas şərtlərdən hesab olunur.
Söhbət əldə olunmuş razılaşmaların praktik müstəvidə həyata keçirilməsindən gedir. Müxtəlif sahələrdə razılaşmalar, o cümlədən su və nəqliyyat sahəsində əməkdaşlıq imkanları mövcuddur.
Bu da ümid yaradır ki, prosesin davamında Azərbaycan dəmir yolu infrastrukturu ilə bağlı məsələlər Zəngəzur dəhlizinin fəaliyyətə başlaması üçün də mühüm rol oynaya bilər. İki ölkə arasında əlaqələr nə qədər genişlənərsə, əldə olunmuş razılaşmaların praktik müstəvidə icrası da bir o qədər tez reallaşa bilər.
Politoloq hesab edir ki, bu perspektivlər hazırda daha da güclənir.
Aysun Xəlilova