00:00:00
Yazar
Aysel Mirzəyeva
01.04.2026 21:21 28 2 dəq oxuma
Siyasət

“Paşinyan Moskvada müəyyən anlaşmalar əldə etməyə çalışacaq” - ŞƏRH

“Paşinyan Moskvada müəyyən anlaşmalar əldə etməyə çalışacaq” - ŞƏRH

Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyan sabah Moskvada görüş keçirəcək. Görüşdə regional təhlükəsizlik, ikitərəfli münasibətlər və Cənubi Qafqazda baş verən son proseslərin müzakirə olunacağı gözlənilir.


Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı “İnformator.az”a açıqlamasında bildirib ki, Paşinyanın məhz bu dövrdə Moskvaya səfər etməsi əsasən Ermənistanın daxili siyasi prosesləri və qarşıdan gələn seçkilərlə bağlıdır:

 

“Paşinyanın Rusiyaya səfərinin əsas səbəblərindən biri Ermənistanda gözlənilən seçkilərlə bağlıdır. Ermənistan hakimiyyəti bu seçkilər ərəfəsində Rusiyanın mövqeyini mümkün qədər neytral saxlamağa çalışır. Çünki ölkə daxilində Paşinyana qarşı çıxan əsas müxalif qüvvələrin bir hissəsi məhz Rusiyaya yaxın hesab olunur. Xüsusilə də, keçmiş Prezident Robert Koçaryan ətrafında formalaşan siyasi qüvvələrin Moskva ilə əlaqələri məlumdur. Bundan əlavə, yeni siyasi fiqurların meydana çıxması və onların da müəyyən dərəcədə Rusiya ilə əlaqələndirilməsi Paşinyanı bu məsələdə daha ehtiyatlı davranmağa vadar edir. Bu baxımdan Paşinyan Moskvaya səfər etməklə Kremlin mövqeyini yumşaltmağa və ən azı seçki prosesində açıq müdaxilənin qarşısını almağa çalışır”.

 

Ekspertin sözlərinə görə, görüşdə Rusiyanın Ermənistandakı mövqeyi və regionla bağlı strateji məsələlər də müzakirə oluna bilər:

 

“Rusiya üçün Ermənistanda mövcud təsir imkanlarını qorumaq əsas məsələlərdən biridir. 2022-ci ildən sonra Ermənistanın Qərbə yaxınlaşması və xüsusilə Avropa İttifaqı ilə münasibətlərin genişlənməsi Moskvanın bölgədəki mövqelərinə müəyyən təsir göstərib. Bu baxımdan Rusiya Ermənistanda həm siyasi, həm də hərbi mövcudluğunu qorumağa çalışır. Xüsusilə Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının gələcək taleyi Moskva üçün strateji əhəmiyyət daşıyır və bu məsələ də müzakirə mövzularından biri ola bilər. Regional kommunikasiya və nəqliyyat layihələri də görüşdə gündəmə gələ bilər. Cənubi Qafqazda nəqliyyat və kommunikasiya xətlərinin açılması məsələsi son dövrlər regionda əsas müzakirə mövzularından biridir. Bu layihələrdə hansı ölkənin hansı səviyyədə iştirak edəcəyi böyük geosiyasi əhəmiyyət daşıyır. Rusiya bu proseslərdən kənarda qalmaq istəmir və regiondakı kommunikasiya layihələrində iştirak etməyə çalışır. Ermənistan ərazisindən keçən dəmir yolları və digər nəqliyyat xətləri Moskva üçün mühüm təsir alətlərindən biri hesab olunur. Moskva görüşü həm Ermənistanın daxili siyasi vəziyyəti, həm də regiondakı geosiyasi balans baxımından müəyyən əhəmiyyət daşıyır. Paşinyan üçün əsas məsələ seçkilər ərəfəsində Moskva ilə münasibətləri kəskinləşdirməmək və müəyyən balans yaratmaqdır. Bu səbəbdən Moskva səfəri həm diplomatik, həm də siyasi baxımdan vacib addım kimi qiymətləndirilə bilər. Görüşdə ikitərəfli münasibətlər, regional proseslər və gələcək əməkdaşlıq imkanları da geniş şəkildə müzakirə oluna bilər”.


Ayşə Müzəfərli

#xəbər #moskvada #yeni #“paşinyan #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər