00:00:00
Yazar
Banuçiçək Məmmədova
01.05.2026 16:42 40 2 dəq oxuma
Siyasət

Paşinyan TRIPP layihəsi ilə bağlı sərhədlərin dəqiqləşdirilməsini tələb edir

Paşinyan TRIPP layihəsi ilə bağlı sərhədlərin dəqiqləşdirilməsini tələb edir

Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsi ilə bağlı açıqlama verərək, layihənin sərhədlərinin dəqiq müəyyən edilməsinin vacibliyini vurğulayıb. O, eyni zamanda layihəyə dəmir yolunun da daxil edilməsinin zəruri olduğunu bir daha diqqətə çatdırıb. Paşinyanın sözlərinə görə, regional nəqliyyat və kommunikasiya xətlərinin düzgün planlaşdırılması gələcək əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Əli Oruclu bildirib ki, adından da göründüyü kimi, TRİPP marşrutu beynəlxalq sülh və rifah naminə nəzərdə tutulan bir layihədir:

 

“Bu layihə təkcə Azərbaycanın qərb bölgəsini Naxçıvanla birləşdirən nəqliyyat xətti deyil, həm də qlobal Orta Dəhlizin ayrılmaz və vacib tərkib hissəsidir. Ötən ilin 8 avqustunda Ağ Evdə ABŞ və Ermənistan arasında əldə edilən razılaşmaya əsasən, TRİPP layihəsi ABŞ şirkətləri ilə birgə işləniləcək və onun böyük hissəsi Birləşmiş Ştatlara məxsus olacaq. Layihə ildə təxminən 35 milyon ton yükün daşınmasına imkan verəcək. Həmin dəhlizdən kommunikasiya və digər xətlər də keçəcək. Belə bir layihənin Birləşmiş Ştatların nəzarətində olması həm böyük həcmdə maliyyə gəliri gətirəcək, həm də geosiyasi üstünlük qazandıracaq. Buna görə də Rusiya layihənin işlənilməsində iştirak etməyə çalışır. Dəhlizdən keçən dəmiryolu ilə yüklərin daşınmasında Moskvanın öz şərtləri mövcuddur. Qeyd edək ki, Ermənistanın dəmir yolu xətləri Rusiyanın mülkiyyətinə verilib. İrəvan Zəngəzur dəhlizinin beynəlxalq qovşaqlara inteqrasiyası üçün Kremlin razılığını almalı və ya müəyyən formada razılığa gəlməlidir. Ermənistan baş nazirinin layihənin sərhədlərinin müəyyən edilməsi ilə bağlı fikirləri də əslində Rusiyanın təzyiqlərinin nəticəsi kimi qiymətləndirilə bilər. Dəhliz Ermənistanın yurisdiksiyasında olacaq və hər hansı fərqli idarəetmə forması nəzərdə tutulmayıb. Dəhlizin istifadəyə verilməsi Ermənistan büdcəsinə böyük həcmdə gəlir gətirməklə yanaşı, onu beynəlxalq aləmlə daha sıx bağlayacaq, iqtisadi və siyasi inteqrasiyasını sürətləndirəcək. Xətt boyunca bu layihə regionun rifahına da müsbət təsir göstərəcək. Şübhəsiz ki, layihənin fəaliyyətə başlaması region dövlətləri üçün geniş imkanlar açır, Cənubi Qafqazın geosiyasi və strateji rolunu artırır. Bu isə nəticə etibarilə İran və Rusiya kimi ənənəvi təsir gücünə malik oyunçulardan asılılığı azaldaraq təhlükəsizlik baxımından əlavə təminat yaradır. Təsadüfi deyil ki, İran Zəngəzur dəhlizini özünün “qırmızı xətti” hesab edir. Son dövrlərdə Rusiyanın da bu istiqamətdə aktivliyi artmaqdadır”.

 

Banuçiçək Məmmədova

#azərbaycan #edir #xəbər #gündəm #tripp
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər