"Paşinyanın Azərbaycanla uzunmüddətli sülhdən danışması bir qədər abstrakt səslənir"- ŞƏRH
Ermənistan hökuməti Azərbaycanla əldə olunan sülhü yüzilliklərə hesablanmış uzunmüddətli müstəviyə keçirməyi hədəfləyir. Baş nazir Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının və ratifikasiyasının vacibliyini növbəti dəfə xatırladıb. O, dünyada baş verən qlobal dəyişikliklər fonunda regionda institusional sülhün bərqərar olunmasını fəaliyyətinin baş prioritet adlandırıb.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Ermənistanla Azərbaycan arasında sülh mövzusu haqda danışarkən yüzillik, iki yüzillik və dörd yüzillik uzunmüddətli sülhdən danışması, doğrudan da bir qədər abstrakt səslənir:
"Ona görə ki, ilk növbədə sülhü əldə etmək lazımdır. Sülh əldə olunduqdan sonra onu real dövlətlərarası münasibətlərdə qiymətləndirərək sülhə sadiqliyi nümayiş etdirmək lazımdır və prosesi bir neçə il, izlədikdən sonra bu sülhün uzunmüddətli qalıcı olması ilə bağlı fikir səsləndirmək lazımdır. Belə olsa, daha doğru olar. Ancaq nədənsə Paşinyan hələ sülh üçün real addımlar atmadan, yəni Ermənistan Konstitusiyasını müzakirəyə çıxarmadan, Konstitusiyanın yeni mətninin qəbul olunması ilə bağlı referendum keçirmə tarixini elan etmədən dördyüz illik sülhdən danışır. Məsələnin əsl mahiyyəti burada ortaya çıxır. Bir tərəfdən Paşinyan özünü və öz düşüncələrini bəyan edir ki, dördyüz il davam edəcək uzunmüddətli bir sülh olmalıdır. Başqa bir tərəfdən də əlində real imkanlar olduğu halda, dırnaqarası dördyüz illik sülhün daha tez başlaması üçün real addımlar atmır. Bu isə Paşinyanın özünü bir daha sülh carçısı kimi, sülh istəyən lider kimi təqdim etməsidir.
İkinci məsələ nədir? Sülh, əlbəttə ki, bir qədər şərti ifadəyə çevrilir Ermənistan-Azərbaycan münasibətlərində. Bunun da tarixi əsasları var. Çünki ermənilərin Cənubi Qafqaza köçürülməsinin cəmi ikiyüz illik tarixi var və bu ikiyüz il əslində ermənilərin Azərbaycana elan etdikləri müharibə tarixidir. 1828-ci ildən sonra Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Qərbi Azərbaycanda kompakt şəkildə məskunlaşdırılan ermənilər lokal müharibə başlatdılar. Çar Rusiyası dövründə rus zabit heyətinin, rus əsgər heyətinin dəstəyini almaqla yavaş-yavaş kəndlərimizi, qəsəbələrimizi,şəhərlərimizi boşaltdılar. Sovet dövründə də davam etdi:1828-ci ildən başlayan proses 1918-20-ci illər, 1948-53-cü illər 1987-91-ci illərdə də davam etdi. Ona görə də birdən-birə ikiyüz ilə yaxın davam edən bu müharibələr tarixinin dördyüz illik sülhə çevrilməsi mümkün deyil. Tam əksinə, Ermənistanda ümumi kütləvi, icma əhval-ruhiyyəsi belədir ki, onların Azərbaycan ərazisində dövlət yaratmaq istəkləri baş tutmadı. Yəni bugünkü Ermənistan dövləti uğursuz və baş tutmamış dövlətdir. Ona görə də, onlar şüuraltı olaraq özlərinə başqa yerdə dövlət qurmaq xəyalları qururlar. Qarabağla bağlı yaratdıqları mifik dırnaqarası simvolları da Rusiya Federasiyası ərazisinə,Krasnodar vilayətinə daşımağa çalışırlar. Ona görə də Paşinyan həm də əslində erməniləri Azərbaycan ərazilərində qalıb dövlətçiliklərini bundan sonra da 400 ildə davam etdirməsi üçün belə bir çağırış edir – dördyüz illik sülh. Bu da təhlükəlidir öz-özlüyündə. Çünki Paşinyan da bilir ki,nəhayətdə heç vaxt erməni tarixində bu qədər uzunömürlü dövlət olmayıbdır.Çünki erməni dövlətçiliyinin tarixi cəmisi 100 ildir. Nə vaxta qədər Ermənistanı tərk etmiş azərbaycanlılar bu respublikadan kənarda yaşayacaqlar ki, Ermənistanın monoetnik dövləti mövcud olsun. Ermənistan dövlətinin gələcəyi multi-mədəni və multietnik dövlət olmasından keçir. Yaxşı olar ki, Paşinyan bu barədə danışsın".
Səkinə Musayeva