00:00:00
Yazar
Elmira Ağayeva
24.11.2026 22:28 27 3 dəq oxuma
Siyasət

Qətər ABŞ və İran arasında danışıqların bərpası üzərində işləyir

Qətər ABŞ və İran arasında danışıqların bərpası üzərində işləyir

 

Qətər ABŞ və İran arasında danışıqlar prosesinin bərpası istiqamətində səylər göstərir.

Bunu Qətərin Baş naziri, xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani bildirib.

“Biz İran və ABŞ ilə birlikdə danışıqlar prosesini bərpa etməyə çalışırıq”, – deyə Baş nazir qeyd edib.

Onun sözlərinə görə, Yaxın Şərqdəki mövcud vəziyyət ABŞ və İran arasında yeni eskalasiyaya tab gətirə bilməz.

Mövzu ilə bağlı İnformator.az-a açıqlamasında politoloq Oktay Qasımov bildirib ki, ABŞ və İran arasında Qətərin vasitəçiliyi ilə bərpasına cəhd göstərilən siyasi müzakirələrin ciddi nəticələr verəcəyi böyük şübhə altındadır:

“Əgər müzakirələr ciddi nəticələr verərsə, bu, bölgədə proseslərin normal məcraya qayıtması üçün imkanlar yarada bilər. Lakin təəssüflə qeyd etmək lazımdır ki, hazırda həm ABŞ-ın, həm də İranın mövqeləri bir-birinə tamamilə ziddir. Tərəflərin danışıqlar masasında müzakirə etmək istədikləri məsələlər də fərqlidir. Bu səbəbdən onların ortaq məxrəcə gəlməsi kifayət qədər problematik görünür.

Digər tərəfdən, ABŞ-ın bölgədə çox ciddi hərbi kontingent cəmləşdirdiyini nəzərə alsaq, hərbi eskalasiya riski kifayət qədər yüksək olaraq qalır. Bununla belə, hərbi eskalasiya baş verəcəyi təqdirdə, onun fevralın 28-də başlayan qarşıdurma kimi həftələrlə davam edəcəyini düşünmürəm. Belə bir risk kifayət qədər böyük olsa da, diplomatiya qapısı hələ bağlanmayıb. Bu baxımdan, qarşıdakı dövrdə genişmiqyaslı regional müharibənin baş verməsi ehtimalını aşağı qiymətləndirirəm”, – deyə politoloq vurğulayıb.

Oktay Qasımov əlavə edib ki, tərəflərin danışıqlar masasına qayıtmasını şərtləndirən kifayət qədər ciddi səbəblər var. Onun fikrincə, bu amillər arasında Hörmüz boğazında yaranmış vəziyyət xüsusi əhəmiyyət daşıyır:

“Danışıqlara ehtiyacı artıran əsas amillərdən biri Hörmüz boğazında yaranmış vəziyyətdir. Belə ki, boğazın bağlı qalması dünya enerji bazarında qiymətlərin yüksəlməsinə və qlobal iqtisadiyyata mənfi təsirlərin artmasına səbəb olur. İran məhz Hörmüz boğazı vasitəsilə ABŞ-a təzyiq göstərməyə çalışır. ABŞ isə əks addımlar ataraq Hörmüz boğazından kənarda İranı blokadaya almaq, onu iqtisadi təzyiq altında saxlamaq və gələcək danışıqlarda güzəştlərə vadar etmək niyyətindədir. Bu baxımdan, Hörmüz boğazı amili kifayət qədər ciddi əhəmiyyət daşıyır və hər iki tərəf üçün mühüm təzyiq vasitəsi hesab oluna bilər”.

Politoloq, həmçinin qeyd edib ki, müxtəlif ölkələr zaman-zaman tərəflər arasında vasitəçilik missiyasını həyata keçirirlər. Xüsusilə Pakistanın vasitəçiliyi ilə aprel ayından etibarən diplomatik təmasların aparıldığını xatırladıb:

“İyun ayında tərəflərin anlaşma memorandumu imzaladığını da xatırlayırıq. Lakin təəssüf ki, bu razılaşma uzunömürlü olmadı və tərəflər yenidən kəskin mövqelərinə qayıtdılar.

Qətərin vasitəçilik missiyasını Pakistan və Oman vasitəçiliyindən fərqləndirən əsas məqamlardan biri onun hər iki ölkə ilə normal münasibətlərə malik olmasıdır. Bununla belə, Qətərin müəyyən üstünlükləri də var. Belə ki, bu ölkə kifayət qədər geniş təsir imkanlarına malikdir və xüsusilə ABŞ Qətərin mövqeyinə daha həssas yanaşır.

Bunun əsas səbəblərindən biri Qətərlə ABŞ arasında münasibətlərin kifayət qədər dərin olmasıdır. Donald Trampın ötən il bölgəyə səfəri zamanı Qətərin ABŞ iqtisadiyyatına bir trilyon dollar investisiya yatırması ilə bağlı razılaşma əldə olunub. Bu baxımdan, Qətərin Tramp administrasiyası səviyyəsində nüfuzu digər vasitəçi ölkələrlə müqayisədə daha yüksəkdir.

Hazırkı mərhələdə Qətər diplomatik prosesdə daha ön plana çıxmağa çalışır. Ölkə, həqiqətən də, bölgədə genişmiqyaslı regional müharibənin baş verməməsi və problemlərin diplomatik yolla həll olunması üçün səy göstərir. Şübhəsiz ki, Oman və Pakistan da bu mövqedədirlər və onların da vasitəçilik səyləri səmimidir. Lakin Qətərin imkanları və ABŞ-la münasibətlərinin xarakteri onu digər vasitəçilərdən fərqləndirir”.

Ayşə Cəfərova

#xəbər #üzərində #i̇ran #abş
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər