00:00:00
Yazar
Zəhra Həsənova
24.11.2026 22:31 27 2 dəq oxuma
Siyasət

Zahid Oruc: Ermənistan da 2027-ci ildə sülhü Konstitusiyasında təsbit etməlidir

Zahid Oruc: Ermənistan da 2027-ci ildə sülhü Konstitusiyasında təsbit etməlidir

Ermənistanda yeni Konstitusiya layihəsinin təqdim olunması Azərbaycan-Ermənistan sülh prosesini gündəmə gətirib. Zahid Oruc Ermənistanın 2027-ci ildə sülhü Ana Qanununda təsbit etməli olduğunu bildirib. Konstitusiya dəyişiklikləri regionda davamlı sülh perspektivlərini yenidən aktuallaşdırıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Züriyə Qarayeva bildirib ki, Ermənistanın yeni Konstitusiyası sülh prosesinin hüquqi təminatı baxımından əhəmiyyətlidir.

 

“Ermənistanda yeni Konstitusiya layihəsinin ictimai müzakirəyə çıxarılması Azərbaycan–Ermənistan sülh prosesinin siyasi müstəvidən hüquqi və institusional müstəviyə keçidi baxımından mühüm addımdır. Azərbaycanın əsas tələbi Ermənistanın konstitusion səviyyədə ərazi iddialarına hüquqi əsas yaradan müddəalardan imtina etməsidir.Lakin layihənin dərc olunması hələ məsələnin tam həlli demək deyil. Qarşıda ictimai müzakirələr, parlament və referendum mərhələləri dayanır. Paşinyanın referendumun nəticəsini öz siyasi gələcəyi ilə əlaqələndirməsi də məsələnin Ermənistan daxilində nə qədər ciddi siyasi əhəmiyyət daşıdığını göstərir”. 

 

Ekspert qeyd edir ki, əgər 2027-ci ildə Azərbaycanın tələblərinə cavab verən yeni Konstitusiya qəbul edilərsə, sülh sazişinin imzalanması qarşısındakı əsas hüquqi maneənin aradan qaldırılması mümkün olacaq. Zahid Orucun səsləndirdiyi fikrin mahiyyəti də ondan ibarətdir ki, sülh yalnız mövcud siyasi hakimiyyətin iradəsinə deyil, gələcək hakimiyyətlər üçün də hüquqi təminat yaradan konstitusion əsaslara söykənməlidir.

 

Züriyə Qarayevanın sözlərinə görə, TRIPP layihəsi ABŞ-nin Cənubi Qafqazda diplomatik iştirakını uzunmüddətli iqtisadi və strateji mövcudluğa çevirmək potensialına malikdir. Layihənin reallaşdırılması ABŞ-yə Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat və logistika şəbəkəsində birbaşa iştirak imkanı yaradacaq. Bu, eyni zamanda, regionun Rusiya və İrandan keçən nəqliyyat marşrutlarından asılılığının azalmasına və geosiyasi qüvvələr balansının dəyişməsinə səbəb ola bilər. Azərbaycan üçün isə əsas strateji dividendlər Naxçıvanla birbaşa nəqliyyat əlaqəsinin yaradılması, Türkiyə ilə iqtisadi inteqrasiyanın dərinləşməsi və Orta Dəhlizin tranzit potensialının genişlənməsidir.

 

Ekspert hesab edir ki, ABŞ-nin layihədə uzunmüddətli iqtisadi maraqlarının formalaşması Vaşinqtonun regional sabitliyin qorunmasına olan marağını da artıracaq. Beləliklə, ABŞ regionda yalnız siyasi vasitəçi deyil, həm də iqtisadi proseslərin birbaşa iştirakçısına çevrilə bilər. Bu baxımdan, TRIPP yalnız nəqliyyat layihəsi deyil, həm də iqtisadi əməkdaşlıq vasitəsilə davamlı sülhün möhkəmləndirilməsinə xidmət edə biləcək strateji mexanizmdir.

 

Arzum Ağazadə

#ildə #xəbər #sülhü #təsbit
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər