Paşinyanın "üçüncü yol" taktikası Rusiyanın təzyiqindən qurtarmaq cəhdidir -AÇIQLAMA
Ermənistan rəhbərliyi Qərb və Rusiya arasında balans tapmağa çalışır. Nikol Paşinyan keçirdiyi brifinqdə bəyan edib ki, Aİ-yə üzvlük üzrə referendum mütləq olacaq. Amma proses tələsik aparılmayacaq. Bunun üçün əvvəlcə hərtərəfli hazırlıq işləri görülməli və rəsmi müraciət ünvanlanmalıdır. Baş nazirin fikrincə, təkcə Aİ və ya Avrasiya İqtisadi Birliyi deyil, vətəndaşlar üçün üçüncü, hətta dördüncü və beşinci inkişaf yolu da yaradıla bilər. Məqsəd vətəndaşlara seçim alternativi yaratmaqdır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, bu, Ermənistan baş nazirinin bir taktikasıdır:
"O, Rusiyanın göstərişi ilə hərəkət eləmir, əksinə, Rusiyanın təzyiqlərindən qurtarmaq üçün belə addımlar atır. Avrasiya İqtisadi Birliyi ilə bağlı Paşinyana Rusiya tərəfindən çox güclü təzyiqlər var".
Göyüşlü vurğulayıb ki, məsələ burasındadır ki, Rusiya Paşinyana çağırış edir ki, o, seçim etsin - Avropa İttifaqı ilə Avrasiya İqtisadi Birliyi arasında:
"Əgər Avropa İttifaqını seçirsə, Avrasiya İqtisadi Birliyindən də çıxsın. Paşinyan üçün hazırda Avrasiya İqtisadi Birliyindən çıxmaq görünür ki, həm bu məsələdə Rusiyanın davamlı təzyiqlərinin ola biləcəyindən ehtiyat edir, həm də artıq Rusiya Ermənistan mallarına məhdudiyyətlər tətbiq edir və bu, Ermənistan iqtisadiyyatına təsir edir".
Siyasi şərhçi qeyd edib ki, Avropa İqtisadi Birlikdən çıxarsa, Ermənistan Rusiya və Avrasiya İqtisadi Birliyinin digər üzvlərinin sərt sanksiyaları ilə üzləşə bilər:
"Ona görə də,Paşinyan belə bir gediş edir. Ermənistanın indiki hakimiyyətinin, hökumətinin əsas niyyəti və fikri Avropa İttifaqı ilə bağlıdır, onlar Avropa İttifaqına inteqrasiya xətti götürmək istəyirlər".
Mehriban Yariyeva