00:00:00
Yazar
Admin User
10.02.2026 11:15 29 2 dəq oxuma
Siyasət

Paşinyanın Vaşinqton səfəri

Paşinyanın Vaşinqton səfəri

Ermənistanın Baş naziri Nikol Paşinyan 19 fevral tarixində Vaşinqtonda keçiriləcək “Sülh Şurası”nın iclasında iştirak edəcəyini açıqlayıb. Bu səfər regional proseslərin intensivləşdiyi, Cənubi Qafqazda sülh gündəliyinin yenidən beynəlxalq müstəviyə daşındığı bir vaxta təsadüf edir. Paşinyanın ABŞ paytaxtında hansı mesajları verəcəyi, bu platformadan Ermənistanın hansı siyasi məqsədlər üçün istifadə edəcəyi və səfərin Azərbaycan-Ermənistan sülh prosesinə mümkün təsirləri diqqət mərkəzindədir. 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfüqar bildirib ki, Nikol Paşinyan üçün bu platforma həm daxili, həm də xarici  auditoriyaya mesaj vermək imkanı yaradır:

 

“Ermənistanın son illərdə Qərb strukturlarına daha çox inteqrasiya meyli müşahidə olunur. Vaşinqton platformasında iştirak isə proseslərdə daha fəal rol almaq niyyətinin göstəricisidir. Məlumdur ki, sülh müqaviləsinin əsasında qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması və sərhədlərin delimitasiya-demarkasiyası dayanmalıdır. Əsas məsələ beynəlxalq platformalarda bəyanatlar deyil, real hüquqi öhdəliklərin götürülməsi və praktiki addımların atılmasıdır. Bu baxımdan, hər hansı beynəlxalq görüş yalnız prosesi dəstəkləyən mexanizm kimi qəbul oluna bilər. Paşinyanın Vaşinqton səfəri Ermənistanın xarici siyasət aktivliyinin artırılması cəhdinin göstəricisidir. Lakin əsas meyar konkret nəticələrdir. Əgər beynəlxalq platformalar sülh müqaviləsinin imzalanmasına real töhfə verərsə, bu, müsbət hal kimi qiymətləndirilə bilər. Kommunikasiyaların açılması, sərhədlərin hüquqi əsasda müəyyənləşdirilməsi və qarşılıqlı etimadın formalaşdırılması Cənubi Qafqazda yeni təhlükəsizlik mühitinin yaranmasına töhfə verə bilər. Beynəlxalq platformalarda aparılan müzakirələr isə tərəflər arasında dialoqun təşviqi baxımından əhəmiyyətli olsa da, yekun nəticə birbaşa tərəflər arasında danışıqların səmərəliliyindən asılı olacaq. Bu baxımdan, Vaşinqtondakı diplomatik fəallıq Ermənistan üçün həm imkan, həm də məsuliyyətin mərhələsi kimi qiymətləndirilə bilər”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər