00:00:00
Yazar
Admin User
07.11.2025 13:47 126 2 dəq oxuma
Sosial

Paytaxta miqrasiyanın artması nəqliyyatda sıxlıq yaradıb

Paytaxta miqrasiyanın artması nəqliyyatda sıxlıq yaradıb

Son illərdə regionlardan paytaxta miqrasiyanın intensivləşməsi Bakının nəqliyyat sisteminə ciddi təsir göstərib. Əhalinin artması nəticəsində şəhər yollarında tıxaclar çoxalıb, ictimai nəqliyyat vasitələri yüklənib, mövcud infrastruktur isə artan tələbatı qarşılamaqda çətinlik çəkir.

 

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli "İnformator.az"a açıqlamasında bildirib ki, son illərdə rayonlardan şəhərlərə miqrasiyanın artmasının əsas səbəbləri arasında iqtisadi amillər mühüm yer tutur. Əlbəttə, təkcə iqtisadi deyil, sosial və infrastrukturla bağlı səbəblər də bu prosesə təsir edir:

 

"Əsas məsələ iş yerlərinin azlığı və layiqli əmək haqqı təklif edən müəssisələrin olmamasıdır. Kənd və rayon əhalisi istədiyi əmək haqqı səviyyəsində iş tapa bilmədiyi üçün paytaxta üz tutur. Amma miqrasiyanın səbəbi təkcə iş yerləri ilə məhdudlaşmır. Şəhərlərin inkişaf etmiş infrastrukturu, sosial və mədəni həyatı insanlara daha cəlbedici görünür. Şəhərdə yaşamaq imkanları və şəraiti daha zəngindir, bu da insanları oraya cəlb edir. Digər tərəfdən, sahibkarlar da əsas müştəri bazasının Bakıda cəmləşdiyini görürlər. Ona görə bizneslərini paytaxtda qurmağa üstünlük verirlər. Rayonda istehsal və ya xidmət göstərmək mənasız olur, çünki alıcı kütləsi əsasən Bakıda yerləşir. Yəni sahibkar məhsulunu kimə satacaq? Ona görə də bazara yaxın olmaq onlar üçün daha sərfəlidir. Sahibkarı zorla müəyyən bir bölgədə fəaliyyət göstərməyə məcbur etmək mümkün deyil. Dövlət bu məsələdə müəyyən güzəştlər tətbiq etməyə çalışır. Məsələn, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında, eləcə də sənaye və texnoloji parklarında biznes açan sahibkarlara güzəştlər təqdim olunur. Növbəti mərhələdə Naxçıvanda da belə təşviqlər planlaşdırılır ki, regionlarda sahibkarlıq fəallaşsın".

 

Ekspert həmçinin bunu da qeyd edib ki, ümumilikdə qeyri-neft sektorunun zəif inkişafı bu prosesin əsas səbəblərindəndir:

 

"Qeyri-neft sektorunun inkişaf etməməsi və zəif idarəetmə insanların rayonlarda iş tapa bilməməsinə, nəticədə miqrasiyanın artmasına gətirib çıxarır. İnsanları zorla geri qaytarmaq mümkün deyil. Hər bir insan harada daha yaxşı şərait tapırsa, orada yaşamaq hüququna malikdir. Azərbaycan vətəndaşı istəsə, ölkə daxilində yaşaya bilər, istəməsə, Rusiyada və ya Avropada da özünə daha uyğun həyat qura bilər. Əsas məsələ odur ki, qeyri-neft sektoru inkişaf etdirilməli, regionlarda layiqli iş yerləri yaradılmalıdır. Eyni zamanda, Bakının idarəetməsi də təkmilləşdirilməlidir ki, paytaxtda yaşayan insanlar da sıxlıq və digər problemlərlə üzləşməsinlər. Dünyada Bakıdan onlarla, hətta yüzlərlə dəfə böyük şəhərlər var ki, çox daha səmərəli idarə olunur. Ona görə həm regionların iqtisadi inkişafı, həm də paytaxtın idarəetməsi sahəsində islahatlar aparmaq vacibdir".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər