00:00:00
Yazar
Admin User
20.01.2026 15:19 82 3 dəq oxuma
Sosial

Pedaqoji işçilərə tədris ili ərzində məzuniyyət veriləcək

Pedaqoji işçilərə tədris ili ərzində məzuniyyət veriləcək

Hazırda pedaqoji işçilərə tədris ili ərzində məzuniyyət verilməsi ilə bağlı qanun layihəsi hazırlanır. Bu qanun qəbul olunarsa, müəllimlərin istirahət imkanları genişlənəcək və tədris prosesinin keyfiyyətinə təsir göstərə bilər.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, müəllimlərin tədris ili ərzində məzuniyyət hüququnun təmin olunması onların istirahətini, motivasiyasını və tədrisin keyfiyyətini artırır, təhsil prosesinə müsbət təsir göstərir:

 

“Pedaqoji təhsil alan və ya ümumilikdə pedaqoji fəaliyyət göstərən şəxslərə məzuniyyət verilməsi məsələsi cəmiyyətdə aktual mövzulardandır. Hazırda mövcud təcrübəyə əsasən, müəllimlər əsasən yalnız tədris ili başa çatdıqdan sonra, yəni yay tətili dövründə məzuniyyət hüququndan istifadə edə bilirlər. Tədris ili ərzində isə bu imkanlar xeyli məhduddur. Lakin təhsil prosesində elə vəziyyətlər yaranır ki, müəllimlərin tədris ilinin müəyyən mərhələsində məzuniyyətə ehtiyacı olur. Belə hallarda müvafiq mexanizmlərin və aydın qanunvericilik bazasının olmaması həm müəllimlər, həm də şagirdlər üçün müəyyən çətinliklər yarada bilər. Əgər müəllimin məzuniyyəti planlı və əvvəlcədən təşkil olunmuş şəkildə həyata keçirilərsə və bu barədə şagirdlərə vaxtında məlumat verilərsə, tədris prosesinə ciddi mənfi təsir göstərməz. Düşünürəm ki, bu məsələ müəllimlərə dair daha geniş islahatların bir hissəsi kimi qiymətləndirilməlidir. Müəllimlərin əmək şəraitinin yaxşılaşdırılması, onların psixoloji və fiziki baxımdan dincəlməsinə şərait yaradılması təhsilin keyfiyyətinə də müsbət təsir göstərə bilər. Bu baxımdan müvafiq qanunvericilik dəyişikliklərinin edilməsi vacibdir.

 

Bir çox ölkələrin təcrübəsində müəllimlərə tədris ili ərzində müəyyən əsaslı səbəblərlə istər şəxsi, istərsə də peşəkar inkişaf məqsədilə müddətli məzuniyyətlər verilir. Bu, müəllimlərin enerjisini bərpa etməsinə, yenilənmiş motivasiya ilə tədris prosesinə qayıtmasına imkan yaradır. Hesab edirəm ki, ölkəmizdə də belə bir qərarın qəbul olunması müəllimlərin iş səmərəliliyinin artmasına, təhsil prosesində problemlərin azalmasına və ümumilikdə daha sağlam təhsil mühitinin formalaşmasına müsbət təsir göstərə bilər”.

 

Həmçinin Biləsuvar rayon 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nərmin İsmayılova mövzu ilə bağlı “İnformator.az”a fikirlərini bölüşüb:

 

“Mən düşünürəm ki, bu məsələyə birmənalı yanaşmaq düzgün olmaz. Hazırda müəllimlərin iş yükü yalnız dərslə məhdudlaşmır: sənədləşmə, qiymətləndirmə, tədbirlər, hesabatlar və s. bütün bunlar ilboyu yığılıb ciddi yorğunluq yaradır. Tədris ili ərzində məzuniyyətin olması müəllimin bu yükü fasilələrlə bölməsinə imkan verər, ilin ortasında yaranan yorğunluq aradan qalxar, müəllim dərsə daha motivasiyalı və həvəslə qayıdar. Belə olduqda iş daha planlı gedər və müəllim öz üzərinə düşən vəzifələri daha sağlam şəkildə yerinə yetirər. Digər bir tərəfdən də qanunda deyildiyi kimi, məktəb rəhbərliyinin razılığı ilə həyata keçirilməlidir. Çünki bu qanun tədris prosesinə mənfi təsir edə bilər. Bu da ümumi orta təhsil müəssisələrində kadr ehtiyatının sayından asılı olacaqdır. Eyni fənni tədris edən 2 yaxud 3 müəllimdən biri məzuniyyətə çıxarsa, dərs yükü digər 1 yaxud 2 nəfərin üzərinə düşəcək və əlbəttə, bu, tədris prosesinin pozulmasına ciddi təsir göstərəcək. Baş verə biləcək neqativ halların aradan qaldırılması şərti ilə qanunun qəbul olunması inkişaf edən digər ölkələrdəki kimi bizim də pedaqoji işçilərimizin ümumi vəziyyəti üçün arzuolunan ola bilər”.

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər