“Pekin İran məsələsində siyasətini dəyişməyəcəyini öncədən göstərir” - ŞƏRH
Çin Xarici İşlər Nazirliyi ABŞ-nin İranla əməkdaşlıq ittihamı ilə üç Çin şirkətinə tətbiq etdiyi sanksiyaları “birtərəfli və qeyri-qanuni” adlandırıb. Rəsmi Pekin Vaşinqtonun təzyiq siyasətinin Çinin İranla bağlı mövqeyinə təsir etməyəcəyini bildirib.
Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı “İnformator.az”a açıqlamasında qeyd edib ki, ABŞ-nin Çin şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar İran ətrafında formalaşdırılan təzyiq siyasətinin bir hissəsidir:
“Vaşinqton İran ətrafında iqtisadi və siyasi blokadanı daha da gücləndirməyə çalışır. ABŞ bu addımlarla Çini İranla əməkdaşlıqdan çəkindirmək və Pekini geri addım atmağa məcbur etmək istəyir. Çin isə əvvəldən açıq şəkildə bəyan edib ki, İranla iqtisadi əlaqələrini davam etdirəcək və Hörmüz boğazı üzərindən daşımaları dayandırmaq niyyətində deyil. Buna görə də Çin şirkətlərinin sanksiyaya məruz qalması birbaşa İranla iqtisadi əməkdaşlıq fonunda baş verir.İran məsələsi Çin üçün təkcə iqtisadi deyil, həm də strateji və siyasi əhəmiyyət daşıyır.Çin üçün İran mühüm enerji mənbələrindən biridir. Pekin uzun illərdir İrandan sərfəli şərtlərlə neft alır və bu əlaqələrin kəsilməsi Çin iqtisadi maraqları baxımından arzuolunan deyil. Digər tərəfdən isə Çin hesab edir ki, ABŞ-nin Yaxın Şərq siyasətində əsas məqsədlərdən biri də Pekinin regiondakı təsir imkanlarını məhdudlaşdırmaqdır. Çin son illərdə Yaxın Şərqdə iqtisadi və siyasi mövqelərini gücləndirib və Vaşinqton bunu qlobal rəqabət kontekstində öz maraqlarına təhdid hesab edir”.
Asif Nərimanlı vurğulayıb ki, Hörmüz boğazı ətrafında yaranan gərginlik qlobal enerji bazarına ciddi təsir göstərir:
“Hörmüz boğazı dünya enerji daşımalarının ən strateji nöqtələrindən biridir. Burada yaranan hər hansı risk neft və enerji qiymətlərinə dərhal təsir edir. İran-ABŞ qarşıdurması fonunda daşımaların təhlükə altına düşməsi qlobal bazarlarda qiymət artımına və milyardlarla dollar zərərə səbəb olur. Bu prosesdən təkcə region ölkələri deyil, Avropa, Asiya və Körfəz ölkələri də ciddi şəkildə təsirlənir.Pekinin son açıqlaması həm də ABŞ-yə siyasi mesaj xarakteri daşıyır.Çinin İran siyasətimiz dəyişməyəcək açıqlaması əslində Vaşinqtona açıq mesajdır. Xüsusilə Donald Tramp ilə Si Cinpin arasında mümkün görüş öncəsi belə bəyanatın verilməsi Pekinin əvvəlcədən öz mövqeyini nümayiş etdirmək cəhdi kimi qiymətləndirilə bilər. Çin bununla ABŞ-yə göstərmək istəyir ki, İran məsələsində Pekinə təzyiq etməklə onun xarici siyasət kursunu dəyişmək mümkün olmayacaq”.
Ayşə Müzəfərli