Pentaqon İrana qarşı hərbi əməliyyatların xərclərini açıqlayıb- ŞƏRH
ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların ümumi dəyəri artıq 29 milyard dollara yaxınlaşır.
ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə çıxış edən Herst bildirib ki, hazırda real xərclər 29 milyard dollara yaxındır. C.Herstin sözlərinə görə, bu məbləğə hərbi texnikanın təmiri və yenilənməsi, həmçinin regiondakı şəxsi heyətin saxlanılması ilə bağlı əməliyyat xərcləri də daxildir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, ABŞ və İran arasındakı gərginlik hələ davam edəcək:
“Əməliyyatların davam etməsi ehtimalı da böyükdür. Həmçinin bu əməliyyatlar zamanı xərclərin artması da müşahidə olunur ki, ABŞ əsasən bu xərci Körfəz ölkələrinə ödətmək istəyir. Məlumata görə SEPAH qüvvələri artıq Küveyt ərazisinə müdaxilə edib. Eyni zamanda İran BƏƏ-yə mütəmadi olaraq zərbə endirir. Bununla bağlı İsrail də müəyyən işlər aparır ki, müharibə ərəb ölkələrinin resursları hesabına davam etsin. Yaxın Şərqdə gərginlik qalmaqdadır və İranla münaqişə zəminində bu gərginlik artacaq. Çünki İsrailin Livan və Yəmənlə bağlı problemi də həll edilməyib. İran hakimiyyətini devirməkdə əsas məqsədlərdən və hədəflərdən biri də Türkiyəyə qarşı hazırlıqlar görməkdir. İranda elə bir hakimiyyət düşünülür ki, Türkiyəyə savaş açsın. Vaxtilə güclənməkdə olan Səddam Hüseyn hakimiyyətinin Fələstin münaqişəsinin həlli üçün ciddi addımlar atmasının qarşısını almaq üçün dərhal Xameneini hakimiyyətə gətirib İraqla müharibəyə sövq etmişdilər. İndi yenidən İran və Türkiyə ilə bağlı oxşar ssenari hazırlanır. İsrailin əsas narahatlığı İrandan daha çox Türkiyədəndir. Xüsusən Suriyadakı rolu, Əsədin devrilməsi və yeni hakimiyyətin qurulmasında Türkiyənin Yaxın Şərqdə təsirinin artmasından ciddi narahatdır. İranla bağlı ABŞ və İsrailin mövqeyi hakimiyyəti saxlamaqla idarə etmək, bu baş tutmasa devirməkdir”.
Politoloq qeyd edib ki, Pakistan və Türkiyənin İranı son dərəcə müdafiə etməsi ABŞ üçün gözlənilən deyildi:
“Bir növ nəbz yoxlama prosesində aydın oldu ki, müharibə davam edərsə, əsas məqsədlərə nail olmaya bilərlər. Odur ki, yeni ssenarilər yazılır və yeni hədəflər müəyyən olunur. Bu hədəflər müəyyən edildikdən sonra yeni streteji xətt üzrə müharibənin davam etməsi ehtimalı böyükdür. İran hakimiyyətini məqsədlərinə uyğun idarəetmə mexanizmini tətbiq edə bilsələr, rejim qalacaq və Türkiyə, Körfəz ölkələri, hətta Pakistan əleyhinə istifadə edəcəklər. Yox, əgər bu mümkün olmasa, rejimi devirməkdə israr edəcəklər. Hətta İsrail və ABŞ İranın Yaxın Şərqdəki proksilərini tam sıradan çıxarmaqda maraqlı deyil. Ona görə ki, İran hakimiyyəti ilə anlaşsalar, bu qüvvələrdən Suriya, Livan və digər Körfəz ölkələrinə qarşı istifadə edə bilərlər. Məlumdur ki, indiyə kimi bu proksilərdən İsrail məharətlə istifadə edib. İndiyə kimi törədilən qətliamlar və işğallara məhz bu təşkilatlar bəhanəyə əsas verib. Onların İsrailə hücumu və təxribatı sayəsində İsrail Qəzzanı işğal edib, təkcə son müharibədə 70 minə yaxın insan öldürüb. Odur ki, İranla razılıq əldə edilməsi zəminində proksi qüvvələrdən istifadə məsələsi də aktivləşə bilər”.
Nurgün Qənizadə