Pentaqonun İran PUA-sını vurması nə deməkdir? Yaxın Şərqdə gərginlik yeni mərhələyə keçir?
ABŞ Müdafiə Nazirliyi İran pilotsuz uçuş aparatının ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Abraham Linkoln” təyyarədaşıyan gəmisinə aqressiv şəkildə yaxınlaşdığı üçün vurulduğunu təsdiqləyib. Hadisənin ABŞ-ın “F-35C” qırıcı təyyarəsi vasitəsilə həyata keçirildiyi bildirilib. Bu insident regionda onsuz da gərgin olan ABŞ-İran münasibətlərini yenidən gündəmə gətirib və mümkün eskalasiya ehtimallarını artırıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, indiki gərgin vəziyyət fonunda İran PUA-sının vurulması insidenti prinsipcə həm regionda, həm də qlobal geosiyasi kontekstdə ciddi nəticələr doğura bilən hadisədir:
“Xüsusilə də hər iki tərəfin dialoqa hazır olduğunu bəyant etməsi və fevralın 6-da Omanda ABŞ-İran danışıqlarının keçiriləcəyi bir ərəfədə İranın öz PUA-nı ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Abraham Linkoln” təyyarədaşıyan gəmisinə doğru istiqamətləndirməsi danışıqların təhlükə altında qalması ehtimalını artırır. Böyük ehtimalla İran, bununla danışıqlara hazır olsaq da, öz maraqlarımızı hərbi vasitə ilə qorumağa da hazırıq mesajı vermək istəyib. ABŞ isə öz növbəsində PUA-nın vurulması ilə istənilən təxribata cavab vermək gücündə olduğunu və əməliyyat imkanlarını nümayiş etdirib. Konkret suallara gəldikdə isə hərbi terminologiyada “aqressiv yaxınlaşma” anlayışı bir hərbi obyekti digər tərəfin aktivinə təhlükə yaratmaq məqsədi ilə fiziki olaraq yaxınlaşdırmaq kimi qiymətləndirilir. Konkret olaraq, bu, təhlükəsizlik məsafələrinin pozulması, radar və silah sistemlərinin sınaqdan keçirilməsi və qarşı tərəfi reaksiya verməyə vadar etməyi əhatə edir. İran PUA-sının ABŞ gəmisinə yaxınlaşması, ABŞ-nin potensial təhlükə və aqressiya siqnalı kimi qəbul edib. Bu da cavab addımını, demək olar ki, qaçılmaz edib. Baş verən insitend təbii olaraq ABŞ-İran münasibətlərinə təsir göstərə bilər. İlk növbədə nəticəsiz danışıqlar halında, regionda gərginliyin artması ehtimalı yüksək görünür. Bu isə regiondakı digər aktorların, xüsusilə Səudiyyə Ərəbistanı, BƏƏ və İsrailin öz hərbi və strateji planlarını yenidən nəzərdən keçirməsinə səbəb ola bilər”.
Bayramov İranın PUA-nın vurulması ilə bağlı hər hansı cavab tədbirinin olacağını düşünmədiyini vurğulayıb:
“Cavab olacaqsa da, bu ehtimal ki, diplomatik və simvolik hərbi addımlarla məhdudlaşacaq. Təcrübə göstərir ki, Tehran bu tip hadisələrdə hərbi baxımdan cavab vermək yerinə, xəbərdarlıq manevrləri, PUA-ların sərhəd yaxınlığında uçuşu və rəsmi bəyanatlar vermək yolunu seçirlər. Yəni beynəlxalq platformalarda ABŞ-ni tənqid və ya tərəfdaşlarla koordinasiya, İranın cavab strategiyasının əsas elementləridir. Bu yanaşma eskalasiyanın qarşısını alsa da, kiçik insidentlər belə gərginliyi artırmaq potensialına malikdir. Odur ki, PUA-nın vurulması hadisəsi yalnız ABŞ-İran münasibətlərindəki gərginliyi göstərmir, həm də Yaxın Şərqdəki təhlükəsizlik və balans məsələlərinin nə qədər həssas olduğunu ortaya qoyur. ABŞ və İran arasındakı qarşılıqlı etimadın aşağı olduğu bir məqamda, bu tip hadisələr region üçün hər an eskalasiya potensialı daşıyır”.
Banuçiçək Məmmədova
