00:00:00
Yazar
Səadət Əlizadə
08.10.2026 21:23 26 2 dəq oxuma
Siyasət

Peru Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

Peru Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

Milli Məclisdə Azərbaycan-Peru münasibətləri müzakirə olunub. Peru nümayəndəsi ölkəsinin Azərbaycanla həm dövlət, həm də parlament səviyyəsində əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib. Həmçinin Perunun Xocalı soyqırımını tanıyan ilk dövlətlərdən biri olduğu vurğulanıb.

 


Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Peru Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir, odur ki, Milli Məclisdə Azərbaycan-Peru münasibətləri müzakirə olunub:

 

“Peru nümayəndəsi ölkəsinin Azərbaycanla həm dövlət, həm də parlament səviyyəsində əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib. Həmçinin Perunun Xocalı soyqırımını tanıyan ilk dövlətlərdən biri olduğu da vurğulanıb. Peru Azərbaycanla əməkdaşlığı siyasi etimad, strateji tərəfdaşlıq və böyük iqtisadi potensial səbəbindən genişləndirmək istəyir. İki ölkə arasında diplomatik və parlament səviyyəsində qurulan sıx dialoq Cənubi Amerika ilə Cənubi Qafqaz regionları arasında mühüm körpü rolunu oynayır”.


Müsahibin sözlərinə görə, Peru Azərbaycanı təkcə Cənubi Qafqazın lider dövləti deyil, həm də mühüm bir beynəlxalq tərəfdaş kimi görür:

 

“Bu marağın əsas səbəbləri var. İki ölkə arasındakı mövcud ticarət dövriyyəsi real potensialı əks etdirmir. Peru Azərbaycanla enerji, neft-kimya, kənd təsərrüfatı, turizm, elm və təhsil kimi sahələrdə layihələr həyata keçirməkdə, eləcə də qarşılıqlı investisiya qoyuluşunda maraqlıdır. Eyni zamanda Peru öz beynəlxalq tərəfdaşlarının coğrafiyasını genişləndirmək və Avrasiya regionuna çıxış əldə etmək üçün Azərbaycanın logistik və strateji imkanlarından faydalanmaq istəyir. Hər iki ölkə münaqişələrdən və daxili qarşıdurmalardan zərər çəkən regionlara malikdir. Perulu rəsmilərin Bakıda keçirilən İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu konfransında iştirakı göstərir ki, humanitar böhranların həlli və beynəlxalq mexanizmlərin qurulması mövzusunda hər iki dövlət eyni öhdəliyi bölüşür”.

 

O vurğulayıb ki, bütün bunlarla yanaşı Peru Konqresi hələ 2013-cü ildə Xocalı soyqırımını rəsmi qaydada tanıyan ilk dövlətlərdən biri olmuşdur:

 

 
“Xocalı faciəsinin tanınması Azərbaycan ilə Peru arasında güclü dostluq və qarşılıqlı hörmət mühiti yaradıb. Bu addım Azərbaycan tərəfindən Perunun ölkəmizin haqlı mövqeyinə verdiyi ən yüksək dəstək kimi qiymətləndirilir. Bu tanınma iki xalqı mənəvi cəhətdən yaxınlaşdırır. Peruda keçmişdə baş vermiş daxili zorakılıq hadisələri fonunda, Xocalı qurbanlarının acısı Peruda da dərindən hiss olunur və bu, ikitərəfli əlaqələrə güclü bir həmrəylik çaları qatır”.

 

Nəticə olaraq politoloq qeyd edib ki, Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-Peru parlamentlərarası əlaqələr üzrə işçi qrupu və Peru Parlamentindəki dostluq qrupu bu prosesdə lokomotiv rolunu oynayır: 


“Aktiv parlament diplomatiyası bu münasibətlərdə mühüm nəticələri verə bilər. Peru ilə münasibətlərin genişlənməsi Azərbaycanın Latın Amerikası coğrafiyasındakı dayaqlarını gücləndirir, Peru üçün isə regionun ən dinamik inkişaf edən ölkəsi ilə strateji tərəfdaşlıq imkanı yaradır”.

 

Aysu Abbasova

#baki #genişləndirmək #yeni #peru
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər