Peşə təhsilində yeni ixtisaslar: Əmək bazarının tələblərinə cavab verəcəkmi?
Nazirlər Kabinetinin qərarı ilə peşə təhsili üzrə ixtisasların Təsnifatına yeni ixtisaslar əlavə edilib. Dəyişikliklər çərçivəsində "Mexatronika", "3D rəqəmsal oyun dizayneri", "Rəqəmsal məzmun idarəçiliyi", "Satış və marketinq", "Geodeziya və kartoqrafiya" kimi ixtisaslar yaradılıb. Yeniliklərin məqsədi əmək bazarının müasir tələblərinə uyğun peşəkar kadr hazırlığını gücləndirməkdir.
Mövzu ilə bağlı təhsil eksperti, ixtisas seçimi üzrə mütəxəssis Afərim Seyidova “İnformator.az”a açıqlamasında bildirib ki, hətta vaxt gələcək o kolleci də keçəcək, universitetin də bəlkə vermədiklərini qarşılayacaq:
"Yüksək texniki peşə məktəblərinə günü-gündən tələbat artır. Bunun səbəbi odur ki, bu təhsil subbakalavr kimi ali məktəbə, instituta birbaşa giriş imkanı verir. Əvvəllər kolleci bitirənlər kollec balı və ortalaması ilə ali məktəbə imtahansız qəbul ola bilirdilər. İndi yüksək peşə təhsili də kolleclə eyni statusdadır və kollec kimi ali məktəbə imtahansız qəbul olmaq imkanı yaradır. Ona görə də, yüksək peşə ixtisaslarına qəbul olmaq indi çox aktualdır və reytinqi yüksəkdir.
Abituriyentlərin və tələbələrin kollecdən daha çox yüksək peşəni seçməsinin səbəbi odur ki, kollecdə nəzəri məlumatlar öyrədilir, yüksək peşədə isə tətbiq və praktika keçirilir. Burada qeyd olunan dizaynerlik, kartoqrafiya və digər ixtisaslar bir növ marketinq kimidir və işi praktik cəhətdən öyrədirlər. Məsələn, bir tələbə hansısa universitetdə oxuyursa, orada ona bəlkə də Sovet dövründən qalan mühazirələri, səhifələrlə materialları əzbərlədirirlər. Eləcə də Tarix fakültəsində oxuyan uşaqlar tarixdən məlumatları əzbərləsələr də, dərs keçmək və ya elmi iş yazmaq praktikaları çox olmur. Düzdür, universitet təcrübə müddəti təşkil edir, amma bir aylıq praktika ilə bunu öyrənmək mümkün deyil. Yüksək peşədə isə belə nəzəriyyə çox deyil. Yüksək peşənin bu barədə aktuallığı yüksəkdir ki, birincisi, tətbiqi cəhətdən, yəni təcrübə baxımından günlərlə, aylarla təcrübə aparılır. Orada oxuyan tələbə hər gün o işin içərisində olur və öyrəndiyini sabah gedib əmək bazarında tətbiq edə biləcək. Məsələn, hər hansı bir tələbə Azərbaycan dili müəllimliyini və ya tarix müəllimliyini bitirir, yenidən bir də gedir müəllimlərin işə qəbulu hazırlığına ki, mən o imtahanda iştirak edə bilim. Amma burada artıq heç bir əlavə hazırlığa ehtiyac olmadan, təcrübəsi var deyə, artıq əmək bazarına atıla bilir və uğurlu nəticə əldə edir. Peşəkar mütəxəssis hazırlığına yönələn bu gün yüksək peşədir. Hətta vaxt gələcək o kolleci də keçəcək, universitetin də bəlkə vermədiklərini qarşılayacaq. Əlavə olunan ixtisaslardan əmək bazarında tələbat daha çox göz önündə olanı, əlbəttə ki, rəqəmsal oyun tərtibatçısıdır ki, buna çox böyük ehtiyac var. Satış və marketinq artıq son illər onsuz da aktualdır. Amma burada oxuyan tələbə marketinq bacarığına yiyələnə bildiyi üçün onun digər hər hansı bir universitetdə marketinqi bitirən tələbədən daha çox əmək bazarında faydası olacaq deyə bunu da yaxşı sayıram. Yəni uğurlu, tələbatlı bir ixtisas kimi dəyərləndirirəm. Bu ixtisaslar dövrümüz üçün daha çox əhəmiyyətlidir: üçölçülü rəqəmsal oyun tərtibatçılığı, rəqəmsal məzmun idarəçiliyi, satış və marketinq".
Həmçinin, ekspert qeyd edib ki, gələcəkdə peşə təhsilində daha çox rəqəmsal sahələr və texnologiya üzrə yeni ixtisasların açılması gözlənilir:
" Peşə təhsili üzrə yeni ixtisasların yaradılmasını zəruri edən başlıca amil dövrün və cəmiyyətin tələbləridir. Necə ki, dil cəmiyyətlə paralel şəkildə inkişaf edir, cəmiyyət dəyişdikcə dilə təsir göstərir, yeni sözlər yaranır və köhnəlmiş ifadələr sıradan çıxır, eynilə yeni ixtisaslar da cəmiyyətin inkişafı ilə paralel formalaşır. Dövr dəyişdikcə tələblər də yenilənir. Məsələn, 60-cı illərdə, Sovet dövründə "rəqəmsal" sözünün, bu tipli yeni anlayışların olmadığı bir vaxtda rəqəmsal oyun bacarıqlarından, süni intellektdən və ya marketinqdən danışmaq qeyri-mümkün idi. Elm və texnikanın tərəqqisi ilə birlikdə insanların gözləntiləri və tələbatı da dəyişir ki, buna uyğun olaraq yeni ixtisaslar yaradılır. Bu gün süni intellektə tələbat olduğu üçün universitetlərdə bu ixtisas açılır və müvafiq mütəxəssislər cəlb edilir. Yaxud vaxtilə Çin dili aktual olmasa da, bu gün dünya ticarət bazarı və iqtisadiyyatdakı rolu səbəbindən Çin dili üzrə regionşünaslıq ixtisasının keçid balı günü-gündən yüksəlir. Bir sözlə, yeni ixtisasların yaradılmasını zəruri edən əsas güc dövrün tələbi və insanların gözləntiləridir. Gələcəkdə peşə təhsilində daha çox rəqəmsal sahələr və texnologiya üzrə yeni ixtisasların açılması gözlənilir. Hazırda mövcud olan data analitikası və kiber təhlükəsizlik kimi sahələrə böyük ehtiyac var, ona görə də bu ixtisaslar üzrə tələbə qəbulu artırılmalıdır. Eyni zamanda pedaqoji yönümlü bəzi yeni ixtisaslar yaradıla bilər. Söhbət tarix və ya Azərbaycan dili müəllimliyindən getmir, texnologiya, musiqi və yaradıcılıq sahələri üzrə pedaqoji ixtisasların yaradılması olduqca məqsədəuyğundur. Çox təqdirəlayiq haldır ki, peşə təhsilini bitirənlər subbakalavr kimi ali məktəbə imtahansız qəbul əldə edirlər".
Samirə Allahverdizadə