Pizza deyilsən ki hamı səni sevsin
Hamı tərəfindən sevilən, dünyaca məşhur yeməklərdən biri də pizzadır. Pizza ən çox ləzzəti ilə insanları özünə cəlb edir. Maraqlıdır ki, fərqli dada sahib olan pizza insanların sevimlisinə çevrilməyi necə bacardı? Nə zaman və kim tərəfindən bu ləzzət kəşf edildi?
Pizza sözü latın sözü olan “pinsere”-dən götürülüb. Mənası isə əzmək və üyütmək deməkdir. Qədim zamanlarda pizza sadəcə Mozarella pendiri və pomidordan ibarət idi. Əsasən, İtaliyada kasıb əhalinin sevimli yeməyi kimi tanınıb. Pizzanın bütün dünya tərəfindən tanınması isə 1889-cu ildə Kraliça Marqaritanın Mozarella pendiri, pomidor və reyhan ilə bəzədilərək hazırlanmış pizzanın dadına baxması ilə bağlıdır. Bu tarixdən sonra pizza zəngin zümrələr tərəfindən də sevilərək yeyilməyə başlanmışdır. Pizzanı çox bəyənən Kraliça Marqarita hətta onu hazırlayan aşpaza xüsusi təşəkkür məktubu yazıb. Sözügedən məktub isə günümüzdə “Pizzeria Brandi” adı ilə tanınan məşhur restoranın şüşəsinə vurularaq sərgilənməkdədir. Ehtimallara görə, onun mənşəyi daha qədim dövrlərə gedib çıxır. Çox müxtəlif içlikləri olan yastı tortlar babillilər, yunanlar, misirlilər və digər Yaxın Şərq mədəniyyətləri tərəfindən istifadə edilib.
Pizzanın bütün dünyada məşhur olmasında İtaliyalının rolu böyük olsa da, lakin bu heç də belə deyil. 1800-cü illərin ilk yarısından Amerikaya gəlmiş italyanlar burada məskən salır və amerikalıların mətbəxi ilə yaxından tanış olurlar. İtalyanlar burada yaşadıqları müddət ərzində kiçik pizza restoranları açırlar. Bu isə amerikanlar tərəfindən böyük maraqla qarşılanır və pizza onlar tərəfindən də çox sevilir. Zaman keçdikcə amerikan aşbazlar pizzanın xəmirində və inqridientlərində dəyişiklik edərək onu daha da dadlı hala gətirir və müxtəlif növlərini yaradırlar. Nəticədə, pizza daha çox zövqə xitab etməyə başlayır.
Lakin günümüzdə hazırlanan bir çox pizza növləri orijinal italyan pizzasından olduqca fərqlidir. Belə ki, italyan pizzalarında reyhan və sarımsağı əsas inqrident kimi istifadə edilir. Bu cür pizzaları isə İtaliyanın Neapolda şəhərində yerləşən restoranlarından daha ləzzətlilərini əldə edə bilərsiniz.
Fatimə Mustafayeva
