Plastik tullantıların zərərləri
Plastik tullantılar müasir dövrün ən ciddi ekoloji problemlərindən biridir. Plastik məhsulların təbiətdə çox uzun müddət parçalanmaması onların ətraf mühitdə yığılmasına səbəb olur. Bir plastik butulkanın təbiətdə parçalanması yüz illərlə davam edə bilər ki, bu da torpağa, suya və canlı aləmə böyük zərər vurur.
Bu mövzu ilə bağlı Rövşən Abbasov “İnformator.az”a açıqlama verib ki, onların istehsalında karbohidratlardan istifadə olunur:
“Bu tullantılar çürümür və təbiətə dost deyillər. Yəni sanki təbiət onları qəbul etmir və buna görə də onları parçalaya bilmir. Plastik tullantılar çox uzun müddət ərzində - hətta min illər boyu - ətraf mühitdə qala bilir. Torpaqda qalan və çürüməyən plastiklər torpağa və suya ciddi ziyan vurur. Plastik tullantıların əsas xüsusiyyətlərindən biri də budur ki, onlar torpaqda təbii prosesləri pozur. Torpaq orqanizmlərinin fəaliyyətinə çox ciddi zərər yetirirlər. Suda isə xırdalanaraq mikroplastiklərə çevrilir və suyun keyfiyyətinə ciddi təsir göstərirlər. Məsələn, mikroplastiklər hava vasitəsilə insan orqanizminə daxil ola bilər. Onlar insanın mədə-bağırsaq sisteminə düşə və müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Su və qida vasitəsilə mikroplastiklərin insan orqanizminə daxil olma ehtimalı çox yüksəkdir və bu problem bu gün getdikcə daha da aktuallaşır. Plastik tullantıların ən mühüm zərərlərindən biri də onların estetik dəyərləri məhv etməsidir. Məsələn, dağlıq ərazilərdə plastik tullantılara rast gəldikdə, həmin ərazi haqqında çox mənfi fikir formalaşır. Bu zaman həm estetik dəyərlər, həm təbii sərvətlər, həm də mədəni irs ciddi şəkildə zərər görür. Meşəlik və açıq ərazilərdə, quru sahələrdə plastik tullantılar canlı orqanizmlərin həzm orqanlarını asanlıqla zədələyir. Heyvanlar bu tullantıları qida hesab edib udur, nəticədə müxtəlif sağalmaz xəstəliklər yaranır və bu da onların ölümünə səbəb olur. Plastik tullantılar həmçinin qida zəncirinə daxil olur. Bundan əlavə, plastiklər bir çox su canlılarının hərəkət orqanlarına ilişərək onları iflic vəziyyətinə sala bilər. Plastik tullantıların idarə olunması üçün mütləq dəqiq və effektiv strategiya olmalıdır. Ən əsas addım plastik tullantıların miqdarını azaltmaqdır. Bunun üçün plastik torbalardan və plastik birdəfəlik qab-qacaqlardan istifadə mümkün qədər məhdudlaşdırılmalıdır. Onların əvəzinə çoxdəfəlik istifadə edilə bilən şüşə, metal və digər alternativ materiallardan istifadə olunmalıdır. Paralel olaraq plastik tullantıların yayılmasının qarşısını almaq üçün müxtəlif qanunlar və qadağalar tətbiq edilir. Məsələn, bəzi Afrika ölkələrində plastik torbaların istifadəsi tamamilə qadağan olunub. Mağazalarda plastik torbalardan istifadə edilmir. Azərbaycanda və dünyanın bir çox digər ölkələrində də plastik tullantıların azaldılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Məsələn, Azərbaycanda bir çox marketlərdə plastik torbalar pulla satılır. Bu da plastik tullantıların azalmasına kömək edir. Artıq bu gün plastik torbaları əvvəlki kimi pulsuz deyil, ödənişlə alırıq”.
Cavahir Əsgərbəyli
