00:00:00
Yazar
Elmira Ağayeva
06.08.2026 22:34 41 2 dəq oxuma
Siyasət

Politoloq: ABŞ Braziliyaya təzyiq siyasətini davam etdirəcək

Politoloq: ABŞ Braziliyaya təzyiq siyasətini davam etdirəcək

ABŞ ilə Braziliya arasında iqtisadi gərginlik yeni mərhələyə qədəm qoyur. Vaşinqtonun tətbiq etdiyi yüksək tariflər və sərt siyasət təkcə iki ölkə arasındakı münasibətlərə deyil, həm də qlobal iqtisadi və geosiyasi balanslara təsir edə bilər.


Mövzu ilə bağlı politoloq Taleh Əliyev "İnformator.az" saytına açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları Latın Amerikasını və bütövlükdə Qərb yarımkürəsini özünün bölünməz nüfuz dairəsi hesab edir:

 

“ABŞ bu regionla bağlı sərt və birmənalı mövqe nümayiş etdirir. Venesuelada həyata keçirilən əməliyyatlar, eləcə də Çinin Panama kanalından daha sərfəli şərtlərlə istifadə etməsinə göstərilən kəskin reaksiya bunu bir daha təsdiqləyir. Bu siyasət yüz ildən artıqdır ki, davam edir”.

 

Ekspert qeyd edib ki, Braziliya iqtisadi və texnoloji baxımdan inkişaf etməkdə olan BRICS-in qurucu üzvlərindən biridir:

 

“BRICS ABŞ üçün geosiyasi və iqtisadi baxımdan mühüm rəqib platformadır. Bu baxımdan Vaşinqtonun Braziliyaya qarşı sərt reaksiyası başadüşüləndir. Bu siyasətin davam edəcəyi gözlənilir. İqtisadi gücü artan Braziliya üçün ABŞ ən böyük ixrac bazarlarından biridir. Buna görə də yüksək tariflərin tətbiqi Braziliya iqtisadiyyatına mənfi təsir göstərəcək”.

 

Politoloqun sözlərinə görə, Braziliyanın alternativ çıxış yolları da mövcuddur:

“Ölkə BRICS-ə üzv dövlətlərlə, xüsusilə Çinlə iqtisadi əlaqələrini genişləndirə bilər. Həmçinin Cənubi Afrika Respublikası, digər Afrika ölkələri və Asiya dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edə bilər. Lakin bu istiqamətdə atılacaq addımlar nəticə verənədək ABŞ-ın tətbiq etdiyi sanksiyalar və yüksək tariflər Braziliya iqtisadiyyatına mənfi təsir göstərəcək”.

Süsən Kərimova

#baki #təzyiq #gündəm #yeni #etdirəcək
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər