Polşa Ukrayna ilə sərhəddə hava hərəkətini məhdudlaşdıracaq - ŞƏRH
Polşanın Ukrayna ilə sərhədyanı ərazilərdə hava məkanına üç aylıq məhdudiyyət tətbiq etmək qərarı təhlükəsizlik narahatlıqlarını yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Taleh Əliyev bildirib ki, son dövrlərdə Polşa və Ukrayna dövlət rəhbərləri arasında müəyyən soyuqluq müşahidə olunur:
“Polşanın son qərarında həm bu amil, həm də Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın hava məkanının bağlanması ilə bağlı səsləndirdiyi xəbərdarlıq rol oynaya bilər. Çünki analoji addımları Rusiya da Ukraynaya qarşı ata bilər və Rusiya Ukrayna səmasında hər hansı təyyarəni hədəf seçə bilər. Bunun Rusiya-Ukrayna sərhədinə yaxın ərazilərdə baş verməsi isə istər-istəməz Polşanın sərhəd təhlükəsizliyinə də təhdid yarada bilər”.
Politoloqun sözlərinə görə, üç aylıq məhdudiyyətin tətbiqi iki amildən qaynaqlanır:
“Bir tərəfdən, dövlət rəhbərləri arasında mövcud olan soyuqluq bu qərarın qəbul edilməsi üçün bir bəhanə rolunu oynaya bilər. Digər tərəfdən isə Polşa xüsusi xidmət orqanlarının real təhlükə ilə bağlı ciddi məlumat əldə etməsi ehtimalı var. Nəzərə alsaq ki, Ukrayna ilə sərhəddə daha iki NATO üzvü Rumıniya və Macarıstan yerləşir. Oxşar təhdidlər real olarsa, bu ölkələrin də hava məkanına müəyyən məhdudiyyətlər tətbiq etməsi mümkündür. Lakin məsələ yalnız dövlət rəhbərləri arasındakı siyasi gərginlikdən qaynaqlanırsa, hazırda Rumıniya və Macarıstan rəhbərləri ilə Ukrayna hakimiyyəti arasında Polşadakı kimi ciddi soyuqluq müşahidə olunmur”.
Selcan Xudiyeva