00:00:00
Yazar
Ayşən Səlimova
02.04.2026 15:02 69 2 dəq oxuma
Siyasət

Portuqaliya Azərbaycanda səfirlik açacaq

Portuqaliya Azərbaycanda səfirlik açacaq

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla Portuqaliyanın XİN rəhbəri Paulo Rangel arasında telefon danışığı aparılıb. Tərəflər ikitərəfli əməkdaşlığın inkişafını müzakirə ediblər. Portuqaliya Azərbaycanda səfirlik açmaq barədə qərar verdiyini açıqlayıb. Həmçinin iqtisadi, enerji və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

 

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Ceyhun Bayramov ilə Paulo Rangel arasında aparılan danışıqlar və Portuqaliyanın Bakıda səfirlik açmaq qərarı, təkcə texniki diplomatik addım deyil, bu həm də, əslində daha geniş geosiyasi və iqtisadi məna daşıyır:

 

“Bu qərar Portuqaliyanın Cənubi Qafqaz regionuna artan marağını göstərir. Məlumdur ki, son illərdə Avropa ölkələri, xüsusilə də Avropa İttifaqına üzv dövlətlər regiona daha sistemli şəkildə daxil olmağa çalışırlar. Portuqaliyanın Bakıda səfirlik açması onun regionda birbaşa diplomatik iştirakını gücləndirmək istədiyini göstərir. Bu həm enerji marşrutlarının şaxələndirilməsi, həm də Orta Dəhliz kimi alternativ ticarət yollarına marağın artması ilə bağlıdır. Yəni Lissabon artıq regionu Avropa ilə Asiya arasında strateji körpü kimi qiymətləndirməyə başlayır deyə bilərik. Bu addımın Azərbaycan-Avropa İttifaqı münasibətlərinə təsirinə gəldikdə isə Aİ daxilində üzv dövlətlərin fərdi təşəbbüsləri ümumi siyasətə dolayısı ilə təsir edir. Portuqaliya kimi nisbətən “neytral” və balanslı mövqe tutan ölkənin Azərbaycanla əlaqələri genişləndirməsi Brüssel-Bakı xəttində praqmatik əməkdaşlığın güclənməsinə töhfə verə bilər. Xüsusilə, son illərdə bəzi Aİ ölkələri ilə Azərbaycan arasında siyasi gərginlik fonunda bu cür addımlar balanslaşdırıcı rol oynaya bilər. Bu, həm də Azərbaycanın Avropa daxilində tərəfdaş şəbəkəsini genişləndirməsi baxımından əhəmiyyətlidir”.

 

Politoloqun sözlərinə görə, burada ən strateji məsələ enerji təhlükəsizliyi ilə bağlıdır:

 

“Avropa Rusiyadan enerji asılılığını azaltmağa çalışdığı bir dövrdə Azərbaycan alternativ mənbə kimi ön plana çıxıb. Portuqaliya coğrafi olaraq Cənubi Qafqazdan uzaqda yerləşsə də, Avropa enerji bazarının bir hissəsi kimi ümumi təhlükəsizlik strategiyasına daxildir. Bu baxımdan Azərbaycanın xüsusilə qaz ixracı potensialı Lissabon üçün də dolayısı ilə əhəmiyyət kəsb edir. Cənub Qaz Dəhlizi kimi layihələr vasitəsilə Azərbaycan qazının Avropaya çatdırılması genişləndikcə, Portuqaliya kimi ölkələrin də bu sistemdən faydalanmaq imkanı olacaq.  Bununla yanaşı, Portuqaliyanın maraqları yalnız enerji ilə məhdudlaşmır. Bərpa olunan enerji, “yaşıl enerji” layihələri və Xəzər regionunun bu sahədə potensialı da diqqət mərkəzindədir. Azərbaycan özünü tədricən yalnız neft-qaz ixracatçısı kimi deyil, həm də yaşıl enerji tərəfdaşı kimi təqdim etməyə çalışır və bu, Avropa ölkələri üçün cəlbedici istiqamətdir. Odur ki, Portuqaliyanın Bakıda səfirlik açması uzunmüddətli perspektivdə real geosiyasi və iqtisadi nəticələr doğura bilər”.

 

Mələk Hüseynova

#Siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər