Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib
Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Novruz şənliyində iştirak ediblər.
Dövlətimizin başçısı, xanımı və ailə üzvləri əvvəlcə Qız qalasının qarşısındakı meydana gəlib.
Milli geyimli uşaqlar Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib.
İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanıb.
Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.
Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının ifasında baharı, Azərbaycanı tərənnüm edən mahnıların sədası ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.
Dövlətimizin başçısı bayram şənliyində nitq söyləyib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri Dənizkənarı Milli Parka gəlib.
Dövlətimizin başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıb.
Kosa və Keçəl Prezident İlham Əliyevi və ailə üzvlərini bayram münasibətilə təbrik edib.
Milli Parkda təşkil edilən milli-mənəvi dəyərlər və idman stendləri bayram şənliyinə xüsusi çalar qatırdı. Burada ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları və hazırlanmış sənətkarlıq nümunələri maraqla qarşılandı. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər.
Dövlətimizin başçısı və ailə üzvləri bərəkətli Azərbaycan torpağında yetişdirilən məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış oldular. Müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri şənlik iştirakçılarında maraq doğururdu.
Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş olunduğu şənlikdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim edilirdi.
Prezident İlham Əliyev və ailə üzvləri Azərbaycan xalçalarının nümunələrinə də baxıb.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram şənliyində “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş stendlərin qarşısında idmançıların çıxışlarını da izləyib.
AZƏRTAC
