00:00:00
Yazar
Elmira Ağayeva
05.05.2026 21:20 128 2 dəq oxuma
Siyasət

Prezident İlham Əliyev: "Qarabağ və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirir"

Prezident İlham Əliyev: "Qarabağ və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirir"

Prezident İlham Əliyev bildirib ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında İtaliya şirkətləri tərəfindən 23 layihə icra olunub və ya icra mərhələsindədir. Dövlət başçısı qeyd edib ki, xarici şirkətlər arasında İtaliya bu regionlarda aparılan bərpa və quruculuq işlərində ön sıralarda yer alır. Bu fikirlər Giorgia Meloni ilə birgə mətbuat bəyanatı zamanı səsləndirilib.

 

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və İtaliya arasında uzunmüddətli strateji tərəfdaşlıq mövcuddur və İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır:

 

 

“2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 faiz artaraq 11 milyard 390 milyon dollardan 11 milyard 860 milyon dollara yüksəlib. Eyni zamanda, Azərbaycan bu ticarət münasibətlərində 10 milyard 824 milyon dollarlıq müsbət saldo əldə edib. Ötən il Azərbaycanın ümumi ticarət dövriyyəsinin 24 faizi, ixrac olunan məhsulların isə 45,3 faizi İtaliyanın payına düşüb. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ümumi idxal dövriyyəsinin 93 faizi məhz Azərbaycanın payına düşür. Müqayisə üçün İtaliyanın Ermənistanla ticarət dövriyyəsi 453 milyon dollar, Gürcüstanla isə 442 milyon dollar təşkil edib. Bu rəqəmlər Azərbaycanın İtaliya üçün regionda strateji tərəfdaş olduğunu və ikitərəfli əlaqələrin son illərdə daha da dərinləşdiyini göstərir”.

 

Vüqar Bayramov əlavə edib ki, İtaliya şirkətləri həm enerji infrastrukturunun formalaşdırılmasında, həm də digər sahələr üzrə Qarabağ və Şərqi Zəngəzurun bərpasında fəal iştirak edirlər:

 

“İtaliya ilə qurulan bu yüksək səviyyəli əməkdaşlıq Avropa İttifaqının digər ölkələri üçün də nümunə ola bilər. Bundan əlavə, Azərbaycan Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirməyi və yeni layihələr həyata keçirməyi planlaşdırır”.

 

 

Mələk Hüseynova

#Azərbaycan #İtaliya #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər