Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidentini Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər qarşıladılar.
Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, bu tədbirlərdə regional əməkdaşlığın genişləndirilməsi, nəqliyyat-logistika imkanlarının artırılması və Xəzər regionunda əlaqələrin inkişafı ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur:
"Azərbaycan-Türkmənistan münasibətlərində əməkdaşlığın inkişafı, xüsusilə, energetika, nəqliyyat və logistika sahələrində gələcək perspektivlər müzakirə olunacaq. Görüşlərdə iki ölkə arasında işgüzar əlaqələrin inkişaf etdirilməsi, iqtisadi və ticarət əməkdaşlığının dərinləşdirilməsi əsas məsələlərdən olacaq. Enerji sahəsində, eləcə də Transxəzər layihələri ilə bağlı məsələlərin də müzakirəsi gözlənilir".
Müsahib vurğulayıb ki, Türkmənistanın zəngin qaz yataqları və böyük enerji ehtiyatları nəzərə alınaraq, bu resursların Avropa bazarlarına çıxarılması imkanları da diqqət mərkəzində olacaq:
" Xüsusilə, Türkmənistan qazının Transxəzər marşrutu ilə Azərbaycan, daha sonra Türkiyə üzərindən Avropaya çatdırılması məsələsi müzakirə edilə bilər. Bundan başqa, səfər çərçivəsində MDB dövlət başçılarının toplantısı və Birinci Xəzər Zirvəsi də keçiriləcək. Bu tədbirlərdə regional əməkdaşlığın genişləndirilməsi, nəqliyyat-logistika imkanlarının artırılması və Xəzər regionunda əlaqələrin inkişafı ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur. Son dövrdə Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla müxtəlif sahələrdə əlaqələri genişləndirməsi fonunda, Türkmənistanla münasibətlərin də yeni mərhələyə keçməsi üçün imkanların olduğu bildirilir. Bu baxımdan, səfər iki ölkə arasında iqtisadi, ticari və enerji əməkdaşlığının daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli hesab olunur".
Səmayə Səftərova