Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 24 dekabr 2025-ci ildə Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak ediblər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında tarixçi Boran Əziz bildirib ki, 44 günlük Vətən müharibəsindən və 2023-cü ilin 19 sentyabrından 20-nə keçən gecə həyata keçirilən lokal antiterror əməliyyatından sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunub:
"Bu, xalqımızın tarixində son 200 ildə ilk dəfə baş verən çox böyük və tarixi bir hadisədir. Bu ərazilərdə uzun illər fəaliyyət göstərən erməni separatçılarına, işğalçı qüvvələrə və milli təhlükəsizliyimizə təhdid yaradan amillərə ciddi zərbə vurulub.
Belə möhtəşəm bir zəfərin xalqın yaddaşında daim yaşaması və xatirə məkanı kimi qalması üçün Zəfər Parklarının yaradılması xüsusi önəm daşıyır. Belə parkların inşası yalnız Bakıda və digər bölgələrdə deyil, işğaldan azad olunan Xankəndi şəhərində də həyata keçirilməsi ikiqat əhəmiyyət daşıyır. Bu, həm Böyük Qayıdışın, həm də həmin ərazilərdə sosial həyatın bərpasının və normallaşmasının növbəti mərhələsi kimi dəyərləndirilə bilər.
Xüsusilə, Zəfər Parklarının layihəsində 44 günlük Vətən müharibəsinə işarə edən rəmzlərin, 8 Noyabr Zəfər Gününün simvolikasının və digər əlamətdar elementlərin yer alması çox vacibdir. Bu cür parklar şəhərlərin sosial-mədəni həyatında əhəmiyyətli rol oynayacaq. Parklar gələcəkdə məktəblilərin, tələbələrin və ətraf kəndlərdən gələn insanların əsas istirahət və maariflənmə məkanlarından birinə çevriləcək. Həmçinin, bu parkları ziyarət edən insanlar qazandığımız zəfəri xatırlayacaq, şəhidlərimizi ehtiramla yad edəcək, qazilərimizə can sağlığı arzulayacaqlar.
Zəfərin əldə olunmasında mühüm rol oynamış Ali Baş Komandan, Prezident İlham Əliyevin həm müharibə dövründəki, həm də sonrakı illərdə işğaldan azad olunmuş ərazilərə etdiyi çoxsaylı səfərləri, apardığı quruculuq işləri və verdiyi tapşırıqlar da bu parkları ziyarət edən insanların yaddaşında canlanacaq.
Ən önəmlisi isə budur ki, Azərbaycan bütün bu bərpa işlərini heç bir xarici donora, ölkəyə və ya təşkilata müraciət etmədən, yalnız öz daxili resursları hesabına həyata keçirir. Azərbaycan xalqı başını heç kimin qarşısında əymədən, mərd və qürurlu şəkildə öz torpaqlarını dirçəldir və yenidən qurur. Bu da həm dövlətə inamın, həm vətəndaş qürurunun, həm də milli birliyin təzahürüdür.
Zəfər Parklarının yaradılması ilə yanaşı, işğaldan azad olunmuş digər ərazilərdə də sosial obyektlərin- məktəblərin, xəstəxanaların, muzeylərin və parkların tikintisi davam edir. Bütün bu işlər Azərbaycanın güclü və qürurlu dövlət olduğunu bir daha sübut edir.
Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə bu mühüm işləri həyata keçirən hər kəsə möhkəm can sağlığı və uğurlar arzu edirik".
Aişə Mustafayeva
