00:00:00
Yazar
Nigar Həsənzadə
17.02.2026 22:21 14 3 dəq oxuma
Sosial Özəl

Prezident rəqəmsal gələcək üçün məktəb proqramlarında islahat çağırışı edib

Prezident rəqəmsal gələcək üçün məktəb proqramlarında islahat çağırışı edib

Azərbaycanda rəqəmsal inkişaf strategiyası çərçivəsində təhsil sistemində dəyişikliklər gündəmə gəlib. Prezident İlham Əliyev "Azərbaycanın yeni rəqəmsal arxitekturası"adlı vahid fəaliyyət planına həsr olunan müşavirədə çıxışı zamanı orta məktəblərin tədris proqramında müəyyən yeniliklərin zəruri olduğunu bildirib. Dövlət başçısı gələcəkdə bu sahədə ixtisaslı kadrlara böyük ehtiyac yaranacağını vurğulayaraq, ilkin biliklərin artıq məktəb səviyyəsində aşılanmasının vacibliyini qeyd edib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, təhsil sistemi əmək bazarının gələcək tələblərinə uyğunlaşdırılmalı və yeni iqtisadi modelə keçidə dəstək verməlidir:

 

"Təbii ki, bu yanaşma ölkənin rəqəmsal inkişaf strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir və məqsəd innovativ, texnologiyaya əsaslanan iqtisadiyyat üçün insan kapitalının formalaşdırılmasıdır. Proqram dəyişiklikləri həm kurikulumların yenilənməsini, həm də müəllim hazırlığı və texniki infrastrukturun gücləndirilməsini əhatə edəcək.

 

Ölkə başçısının vurğuladığı rəqəmsal inkişaf prioritetlərini nəzərə alsaq, orta məktəblərin tədris proqramında fənlər və istiqamətlər üzrə dəyişikliklər daha vacib hesab olunur. Bu istiqamətlərdən biri informatika və proqramlaşdırma ilə bağlıdır. Proqramlaşdırmanın daha erkən siniflərdən tədrisi, alqoritmik düşüncə və məntiqi təhlil bacarıqları, praktiki, layihə əsaslı öyrənmə bunlara aid edilə bilər.

 

Bundan başqa, süni intellekt və data analitikasını da qeyd etmək olar. Müasir dövrün ən vacib tələblərindən biri də kibertəhlükəsizliklə bağlıdır. STEAM istiqaməti üzrə olan məktəblərin sayının artırılması və riyaziyyatın tətbiqyönümlü tədrisi, robototexnika və mühəndislik əsaslı praktik laborator və layihə işləri də diqqət mərkəzində saxlanılmalıdır. Rəqəmsal savadlılıqla bağlı olaraq rəqəmsal alətlərlə işləmək bacarığı, informasiyanın düzgün qiymətləndirilməsi, media savadlılığı və tənqidi düşüncə bacarıqları da inkişaf etdirilməlidir. Eyni zamanda, xarici dil bilikləri də hər zaman ön planda tutulacaq istiqamətlərdən biri olmalıdır. Bu dəyişikliklərin məqsədi şagirdlərdə yalnız nəzəri bilik deyil, həm də praktik və bazar tələblərinə uyğun bacarıqlar formalaşdırmaqdır. Paralel olaraq müəllimlərin ixtisasartırması və məktəblərin texniki təminatı da əsas prioritetlərdən hesab olunur. Rəqəmsal bacarıqların tədrisinə erkən yaşlardan, lakin mərhələli və yaşa uyğun şəkildə başlamaq daha effektiv hesab olunur. 1-4-cü siniflər üçün olan mərhələdə əsas diqqət rəqəmsal savadlılıq, kompüter və planşetdən düzgün istifadə, internet təhlükəsizliyi, məntiqi və alqoritmik düşüncənin oyunlar vasitəsilə inkişafı, sadə blok əsaslı proqramlaşdırma və s. ola bilər.

 

Bu yaşda məqsəd texniki bilikdən çox düşüncə tərzini formalaşdırmaqdır. 5-8-ci siniflər üzrə isə daha sistemli proqramlaşdırma layihələrinin tətbiqi uyğun olar. Robototexnikaya giriş, rəqəmsal layihələr hazırlamaq, məlumatla işləmə bacarıqları buna aid edilə bilər. Bu mərhələdə şagirdlər artıq real problemlərin həllinə yönəlmiş tapşırıqlar üzərində işləyə bilərlər. 9-11-ci siniflər üçün isə süni intellekt və məlumat analitikası əsasları, kibertəhlükəsizlik, startap və innovasiya düşüncəsi, peşə yönümlü ixtisaslaşmalar tətbiq edilə bilər.

 

Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, rəqəmsal bacarıqlara ibtidai siniflərdən başlamaq, lakin məzmunu yaşa uyğun şəkildə dərinləşdirmək ən optimal yanaşmadır. Erkən başlanğıc şagirdlərdə həm texnoloji savadlılıq, həm də gələcək peşə seçimində üstünlük yaradır".

 

Gövhər Mehyəddinova

#baki #prezident #edib #proqramlarında
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər