00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
16.10.2026 23:04 31 2 dəq oxuma
Siyasət

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi

 

Keçmiş hadisələrə hüquqi qiymət verilməsi və məsuliyyət prinsipinin qorunması regionda davamlı sülh üçün əhəmiyyətlidir.

Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki,Prezident İlham Əliyevin AQEM çərçivəsində Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti məsələsinə toxunması Azərbaycan-Ermənistan münasibətlərində sülh və ədalət anlayışlarının bir-birindən ayrı nəzərdən keçirilə bilməyəcəyini göstərir:

“Burada əsas məsələ yalnız keçmişdə baş vermiş hadisələrin xatırladılması deyil, həmin hadisələrə görə hüquqi məsuliyyətinmüəyyənləşdirilməsidir. Ermənistanın keçmiş siyasi və hərbi rəhbərliyinin Qarabağ münaqişəsi dövründə qəbul etdiyi qərarlar, mülki əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı irəli sürülən ittihamlar və bu hadisələrin hüquqi qiymətləndirilməsi regionun siyasi gündəmində mühüm yer tutur. Azərbaycanın mövqeyinə görə, sülh prosesinin irəliləməsi keçmişdə törədilmiş cinayətlərin unudulması və ya məsuliyyət məsələsinin gündəmdən çıxarılması anlamına gəlməməlidir. Eyni zamanda, konkret şəxslərin təqsirinin müəyyən edilməsi məhkəmə araşdırması və sübutlara əsaslanmalıdır. Bu baxımdan Prezidentin çıxışında səsləndirilən fikirlər həm tarixi yaddaşın qorunması, həm də məsuliyyət prinsipinin beynəlxalq müstəvidə gündəmdə saxlanılması kontekstində qiymətləndirilə bilər”.


Politoloq qeyd edib ki,məsələnin digər mühüm tərəfi onun regionda formalaşmaqda olan yeni siyasi münasibətlərə təsiridir:

"Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar keçmişin hüquqi və siyasi nəticələri ilə bağlı fikir ayrılıqlarını avtomatik aradan qaldırmır. Xüsusilə müharibə cinayətləri ilə bağlı ittihamların araşdırılması, zərərçəkmişlərin hüquqlarının müdafiəsi və ədalətli məhkəmə prinsiplərinin təmin olunması uzunmüddətli barışıq üçün əhəmiyyət daşıyır. Burada fərdi məsuliyyətlə bütöv bir xalqın kollektiv şəkildə ittiham olunması arasında dəqiq fərq qoyulmalıdır. Regionda davamlı sülhün formalaşması üçün həm dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, həm də beynəlxalq humanitar hüququn tələblərinə riayət olunması vacibdir. Bu mənada AQEM platformasında həmin məsələnin gündəmə gətirilməsi Azərbaycanın tarixi hadisələrə hüquqi qiymət verilməsi mövzusunu regional təhlükəsizlik və gələcək sülh müzakirələri ilə əlaqələndirdiyini göstərir".


Nurgün Qənizadə

#ermənistanın #çıxışı: #yeni #rəhbərliyinin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər