00:00:00
Yazar
Mayıl Soltan
14.02.2026 15:35 166 3 dəq oxuma
Sosial

"Prezidentin Azərbaycan dilinə diqqəti" - Dərsliklərin səlistliyi yenidən gündəmdədir

"Prezidentin Azərbaycan dilinə diqqəti" - Dərsliklərin səlistliyi yenidən gündəmdədir

Son dövrlər Azərbaycan dilinin saflığının qorunması və ictimai məkanda düzgün istifadəsi ilə bağlı İlham Əliyevin yerli televiziya kanallarına verdiyi açıq və prinsipial mesajlar cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Prezidentin dil məsələsinə dövlət səviyyəsində göstərdiyi bu həssas yanaşma fonunda diqqətlər bir daha Azərbaycan dili dərsliklərinin məzmununa və keyfiyyətinə yönəlib. Mütəxəssislər hesab edir ki, televiziya və media ilə yanaşı, ana dilinin düzgün, səlis və anlaşıqlı şəkildə formalaşmasında əsas yük məhz məktəb dərsliklərinin üzərinə düşür. Bu baxımdan hazırda istifadə olunan Azərbaycan dili dərsliklərinin şagirdlərin yaş səviyyəsinə, dil bacarıqlarının inkişafına və Prezidentin vurğuladığı dil standartlarına nə dərəcədə cavab verməsi aktual sual kimi gündəmdədir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında deputat Ceyhun Məmmədov dilin saflığı və axıcılığı məsələsinə toxunaraq bu istiqamətdə müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib:

 

"Hesab edirəm ki, Azərbaycan dili dərsliyində yer alan bəzi məsələlərə yenidən baxılmalıdı. Dilin səlistlik və axıcılığı dərsliklərdə yüksək səviyyədə özünü göstərməlidir. Təbii ki, burada müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Müəllimlər də dilin səlistliyi və axıcılığı istiqamətində mühüm addımlar atmalıdır. Təbii ki, bu məsələlər dəfələrlə Milli Məclisdə müzakirə olunub və bu yaxınlarda yenə də Azərbaycan dili ilə bağlı geniş müzakirə aparılması planlaşdırılır".

 

Mövzu ilə əlaqədar saytımıza danışan Sabirabad rayon Qaraağac kənd tam orta məktəbin direktoru Nuridə Xəlilova isə Azərbaycan dili dərsliklərində yer alan mühüm məsələlərə toxunub:

 

"Azərbaycan dili dərslikləri şagirdin yaş və psixoloji səviyyəsinə uyğundur. Lakin əsas problemlərdən biri dərslikdə praktik tapşırıqların az olmasıdır. Dərslikdə yer alan mətnlərin həcimini nəzərə alaraq praktik tapşırıqların sayının çoxalması yaxşı olardı. Mətnlərdə dil və üslub problemləri də azdır, lakin orfoqrafiya və qrammatika mövzularında problemlər çox, tapşırıqlar isə yox dərəcəsindədir. Nə qədər də bu kimi problemlər olsa da, dərsliklər şagirdlərin oxu, yazı və nitq bacarıqlarının inkişafına kömək edir. Bu problemləri nəzərə alaraq dərsliklərin dəyişməsi yox, təkminləşdirilməsi vacibdir".

 

Şirvan Şəhər Elçin İmanov adına 10 nömrəli məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Könül Rza da dərsliklərin yaş və psixoloji cəhətdən şagirdlərə uyğun olduğunu görsə də, praktik tapşırıqların az olmasından şikayətlənir:

 

"Ümumilikdə deyə bilərəm ki, Azərbaycan dili dərsliklərinin əsas məzmun xətti şagirdlərin yaş xüsusiyyətlərinə uyğundur. Mətnlərin mövzuları ailə, məktəb, vətən, dostluq kimi uşaqlara tanış və emosional baxımdan yaxın anlayışlar üzərində qurulub. Xüsusilə, ibtidai və orta siniflərdə verilən tapşırıqlar şagirdlərin psixoloji inkişaf mərhələlərini nəzərə alır. Bundan başqa, bəzi mövzular şagirdlərdə tənqidi düşüncə və fikir bildirmə bacarığını formalaşdırmağa yönəlib ki, bu da müsbət haldır. Lakin açıq demək lazımdır ki, praktik tapşırıqlar baxımından boşluqlar mövcuddur. Tapşırıqların əksəriyyəti nəzəri xarakter daşıyır və şagirdi gündəlik danışıq, real yazı və ünsiyyət mühitinə kifayət qədər hazırlamır. Məsələn, şagirdlərdən çox vaxt qaydanı əzbərləmək tələb olunur, amma həmin qaydanın real nitqdə necə tətbiq olunması üzərində az dayanılır. Bu da praktiki bacarıqların formalaşmasını zəiflədir". 

 

Müsahibimiz Könül Rza orfoqrafiya və qrammatika mövzularında yer alan məsələlərdən də bəhs edib:

 

"Qeyd etmək lazımdır ki, orfoqrafiya və qrammatika mövzuları sistemli şəkildə təqdim olunur. Mövzular ardıcıllıqla verilir və əvvəlki biliklər üzərində qurulur. Eyni zamanda, qaydaların izahı rəsmi norma baxımından doğrudur və dilin əsas qanunauyğunluqları dərsliklərdə əksini tapır. Bu, müəllim üçün də dərsi planlaşdırmaq baxımından müəyyən rahatlıq yaradır",-deyə o, fikirlərini yekunlaşdırıb. 

 

Mayıl Soltan

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər