00:00:00
Yazar
Nərmin Həşimova
16.07.2026 17:28 101 3 dəq oxuma
Siyasət

Prezidentin bəyənatı: Avropa Şurası ilə münasibətdə dönüş nöqtəsi

Prezidentin bəyənatı: Avropa Şurası ilə münasibətdə dönüş nöqtəsi

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda etdiyi çıxışında Avropa Şurası ilə münasibətlərə dair mühüm bəyanat verərək, Azərbaycanın bu təşkilatın bütün strukturlarından çıxmaq imkanını istisna etmədiyini bildirib.


 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Avropa Şurasının Azərbaycana münasibətdə Avropa dəyərlərinə və beynəlxalq hüquqa deyil, müəyyən qrup maraqlarına əsaslanaraq qərarlar qəbul edir:


“İnsan hüquqları məsələsi də Azərbaycana qarşı siyasi təzyiq alətinə çevrilib. Heç bir hüquqi əsas olmadan Avropa Şurası “siyasi məhbus” anlayışını formalaşdıraraq bunu Azərbaycana şamil edib. Bu səbəbdən də münasibətlərdə müəyyən mərhələdə keyfiyyət dəyişikliyinin baş verməsi qaçılmaz idi. Azərbaycan Avropa Şurasına üzv olarkən gözlənti ondan ibarət idi ki, bu təşkilat insan hüquqlarını qoruyan, nüfuzlu beynəlxalq qurum kimi Ermənistanın işğalı nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən bir milyondan artıq Azərbaycan vətəndaşının hüquqlarının müdafiəsində ölkəmizə dəstək verəcək. Lakin əksinə, Avropa Şurası erməni lobisinin maraqlarına uyğun mövqe nümayiş etdirdi və Azərbaycanın hüquqlarının müdafiəsi məsələsini bir dəfə də olsun gündəmə gətirmədi. Bunun ən son nümunəsi Avropa Şurasının Azərbaycana qarşı qərəzli mövqeyinə etiraz olaraq Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin fəaliyyətini dayandırması oldu”.


Deputatın sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra belə Avropa Şurası bunu qiymətləndirmədi:


“Əksinə, ölkəmizdə mövcud olmayan bir qurumun və burada yaşamayan hansısa etnik qrupun adını hallandıraraq onları müdafiə etməyə çalışdı. Belə olan halda Azərbaycanın Avropa Şurasına üzvlüyünün əsas məqsədi də sual altına düşür. Əgər bu təşkilat insan hüquqlarını qorumaq missiyasını daşıyırsa, lakin Azərbaycanın hüquqlarını müdafiə etmirsə, o zaman ölkəmiz niyə bu qurumun üzvü olmalıdır? Əgər təşkilat hüquqların müdafiəsi istiqamətində əks mövqe nümayiş etdirirsə, üzvlüyün məntiqi də aradan qalxır.Bu baxımdan hesab edirəm ki, Azərbaycanın Avropa Şurasından çıxması ölkənin Avropa İttifaqı ilə münasibətlərinə, beynəlxalq hüquqa sadiqliyinə, insan hüquqlarının qorunmasına və demokratik inkişafına ciddi təsir göstərməyəcək. Çünki bu təşkilat özü-özünü ifşa etməklə ən böyük antidemokratik şura olduğunu bütün dünyaya göstərib”.


Mövzu ilə bağlı politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycan Prezidentinin Avropa Şurası ilə bağlı səsləndirdiyi fikirlər ciddi siqnal kimi qiymətləndirilə bilər:


“2000-ci illərin əvvəllərində Azərbaycan Avropa Şurasına üzv olarkən qarşıya qoyulan əsas məqsədlərdən biri ölkədə islahatların həyata keçirilməsi, xüsusilə də demokratik cəmiyyətin qurulması istiqamətində mühüm addımların atılması idi. Məhz bu səbəbdən Azərbaycan uzun illər təşkilatla əməkdaşlıq edib və bu müddətdə müəyyən nəticələr əldə olunub. Lakin son illərdə, xüsusilə də 2020-ci ildə Vətən müharibəsindən sonra Avropa Şurasının Azərbaycana münasibətində qərəzli və ikili standartlara əsaslanan yanaşmanın şahidi olduq. Azərbaycan təşkilata üzv olarkən öz haqlı mövqeyinin, torpaqlarının işğalı faktının və beynəlxalq hüququn pozulmasının bu platformada obyektiv qiymətləndiriləcəyinə ümid edirdi. Ancaq həm müharibə dövründə, həm də sonrakı mərhələdə bunun əksi müşahidə olundu. Nəticədə, 2025-ci ilin yanvar ayında Azərbaycan Avropa Şurası Parlament Assambleyasında fəaliyyətini müvəqqəti dayandırdı. Bu, təşkilata verilən ciddi siyasi mesaj idi. Həmin vaxtdan indiyədək isə Avropa Şurasının mövqeyində hər hansı əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb”.


Politoloq vurğulayıb ki, Prezidentin son bəyanatı ilk növbədə Avropa Şurasına ünvanlanan növbəti ciddi siqnaldır:


“Əgər təşkilat Azərbaycanla qarşılıqlı hörmət və obyektivlik prinsipləri əsasında əməkdaşlıq etmək niyyətində deyilsə, o zaman Azərbaycanın təşkilatdan tam çıxması variantı da gündəmdə qala bilər. Şübhəsiz ki, belə bir addım müəyyən müzakirələr və suallar doğura bilər. Lakin başqa çıxış yolu qalmadığı təqdirdə, dövlətlərin bu cür qərarlar qəbul etməsi beynəlxalq praktikada istisna deyil. Hesab edirəm ki, Azərbaycanın mümkün qərarı ölkənin beynəlxalq mövqeyinə ciddi mənfi təsir göstərməyəcək”.

Nurgün Qənizadə

 

#dönüş #avropa #münasibətdə #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər