00:00:00
Yazar
Admin User
05.02.2026 16:33 35 2 dəq oxuma
Sosial

“Problem zal nəzarətçilərində deyil, imtahan sisteminin özündədir”

“Problem zal nəzarətçilərində deyil, imtahan sisteminin özündədir”

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bildirib ki, ötən il qurum 323 imtahan keçirib və gələcəkdə imtahanların böyük hissəsi elektron formatda təşkil olunacaq. O, qeyd edib ki, elektron imtahanların səmərəli keçirilməsi üçün zal nəzarətçilərinin bu sistemlərlə bağlı kifayət qədər məlumatlı olması və nəzarətin müasir tələblərə uyğun həyata keçirilməsi vacibdir

 

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, son illərdə Dövlət İmtahan Mərkəzi imtahan sistemindəki çatışmazlıqlarla bağlı ictimaiyyətə açıqlama vermək məcburiyyətində qalıb:

 

“Son üç ildə DİM müəyyən problemlərlə əlaqədar cəmiyyət qarşısında hesabat verməli olub. Bunlardan biri ötən il apeliyasiya müraciətlərinin sayının əvvəlki illərlə müqayisədə xeyli artması idi. On min nəfərdən artıq abituriyent imtahan nəticələrindən narazı qalıb. Növbəti mərhələdə ictimaiyyətə imtahan sisteminə elektron və kiber müdaxilələrin mövcudluğu barədə məlumat verilib. Sonra məlum olub ki, zal nəzarətçiləri ilə bağlı da ciddi problemlər var. Təxminən 300 halda zal nəzarətçilərinin yol verdiyi səhvlərə görə onların kənarlaşdırılması məsələsi gündəmə gəlib və bu da açıq şəkildə ictimaiyyətə təqdim olunub”.

 

Ekspert vurğulayıb ki, bu problemlərin həlli üçün yalnız zal nəzarətçiləri ilə bağlı qaydaların dəyişdirilməsi kifayət etmir:

 

“Mən dəfələrlə vurğulamışam ki, zal nəzarətçiləri ilə bağlı təlimatların dəyişdirilməsi problemi kökündən həll etmir. Bu gün bir problem aradan qalxsa, sabah başqa çatışmazlıq ortaya çıxır. Əsas məsələ, ümumi sistemin dəyişdirilməsidir. Elektron imtahanların tətbiqi də bu yeniliklərin tərkib hissəsi olmalıdır ki, müdaxilə imkanları minimuma endirilsin. Qəbul sistemi uzun illərdir eyni qaydalar əsasında fəaliyyət göstərdiyindən boşluqlar yaranıb və bu da sui-istifadə hallarına yol açır. Sistem çox oturuşmuş vəziyyətdədir və bəzi hallarda ora müdaxilə etmək üçün qeyri-qanuni yollar axtarılır. Zal nəzarətçiləri zamanla müəyyən təcrübə qazanaraq qeyri-etik hallara yol verə bilirlər. Ötən illərdə eyni ixtisas qruplarında uyğun olmayan fənn müəllimlərinin zal nəzarətçisi kimi iştirak etdiyi hallar müşahidə olunub. Məsələn, IV qrup üzrə kimya-biologiya müəllimləri, III qrup üzrə isə ədəbiyyat müəllimləri nəzarətçi təyin edilib”.

 

Məzahir Məmmədli hesab edir ki, bütün bu məqamlar DİM-in fəaliyyətinə kompleks yanaşma və elektron sistemlərin tam tətbiqini zəruri edir:

 

“Gözləntimiz ondan ibarətdir ki, Dövlət İmtahan Mərkəzi bu çatışmazlıqlardan nəticə çıxararaq, növbəti illərdə həm imtahan sisteminə, həm də qəbul qaydalarına kompleks şəkildə yenidən baxacaq. Elektronlaşma prosesində bu boşluqların aradan qaldırılması əsas prioritet olmalıdır”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər