Problemli kreditlər sürətlə artır
Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi və ümumi kredit portfelindəki payı artmaqdadır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, problemli kreditlərin artmasının səbəbi təkcə yüksək faizlər, inflyasiya və riskli müştərilərə kredit verilməsi ilə bağlı deyil:
"Əhalinin maliyyə savadlılığının zəif olması, bankların riskləri düzgün qiymətləndirməməsi, həmçinin kredit götürən şəxsin gələcəkdə qarşılaşa biləcəyi “sürprizlər” də önəmli rol oynayır.Mən də daxil olmaqla bir sıra iqtisadçılar bank faizlərinin yüksək olmasından narazıyıq. Lakin reallıq budur ki, heç bir bank vətəndaşı məcbur etmir ki, yüksək faizlə kredit götürsün. Əsas məsələ odur ki, maliyyə savadlılığımız kifayət qədər inkişaf etməyib. Bəlkə də bir neçə il öncə maarifləndirmə banklara sərf etməzdi, amma bu gün və gələcək üçün ciddi problemdir. Belə vəziyyət likvidlik problemlərinə, pulun dəyərinin azalmasına və inflyasiyanın artmasına səbəb olur.Bankların riskləri nəzərə almaması məsələsinə gəldikdə isə, bu sahədə dövlət tərəfindən sərtləşdirilmiş siyasət tətbiq olunmalıdır. Hər kəsə kredit verilməməli, ciddi səbəblər olmadıqca kredit prosesi məhdudlaşdırılmalıdır. Bu qərar istehlak səbətinə təsir edə bilər, amma riskli və geri qaytarılmayan kreditlərin qarşısını almaq baxımından səmərəli olar. “Surprizlər” məsələsində isə vətəndaş işini və ya əmək qabiliyyətini itirə bilər, yəni maaşın gəlir kimi görülməsi yetərli olmaya bilər. Banklarda zamin qaydası da dəyişməlidir: borcu ödəməyən şəxs nəticədə zaminə yönəlir ki, bu da həm zaman itkisi, həm də məhkəmə və dövlət orqanlarının iş yükünü artırır. Riskli vəziyyətdə yaxın qohumların zamin olması daha məntiqlidir, təbii ki, onların razılığı ilə.Problemli kreditlərin sürətlə artması həmçinin vətəndaşın büdcəsini düzgün idarə edə bilməməsi, maliyyə savadlılığının zəif olması və gözlənilməz xərclərlə üzləşməsi ilə izah edilə bilər. Mal və xidmətlərin qiymətlərinin artması da buna təsir göstərir. Faizlərin yüksək qalması və istehlak kreditlərinin artımı məsələsində isə şərtlər daha da sərtləşdirilməlidir. Xüsusilə səhiyyə, təhsil və biznes kreditləri xaricində proses çətinləşdirilməlidir. Faiz dərəcələri isə tələb və təklifdən asılı olaraq dəyişir. Yeni müraciət edən vətəndaş sayı az olduqda faizlər aşağı enəcək. Digər vacib məsələ depozit və kredit faizləri arasındakı fərqdir: depozit faizləri 7-11%, kredit faizləri isə 28%-ə yaxın olaraq qalır. Bu fərq olduqca böyükdür və nəzərə alınmalıdır. Hazırda texnologiya dövrüdür, proseslər komputerləşib və yaxın gələcəkdə bu sahədə ixtisarlara da rast gəlinə bilər".
Qəmər Kazımzadə
