00:00:00
Yazar
Admin User
14.01.2026 10:12 236 4 dəq oxuma
Sosial

Psixoloji dəstəyin əhəmiyyəti

Psixoloji dəstəyin əhəmiyyəti

Müasir dövrdə uşaqların psixoloji inkişafı təkcə ailələrin deyil, bütövlükdə cəmiyyətin diqqət mərkəzində olan əsas məsələlərdən birinə çevrilib. Texnologiyanın sürətli inkişafı, sosial mühitin dəyişməsi, ailədaxili münasibətlər və təhsil sistemi uşaqların emosional dünyasına birbaşa təsir göstərir. Bəzən valideynlərin adi hesab etdiyi davranışlar əslində uşağın daxili gərginliyinin və ya psixoloji narahatlığının göstəricisi ola bilər.


Mövzu ilə bağlı psixoloq Mədinə Babayeva "İnformator.az"a açıqlamasında qeyd edib ki, uşaq psixologiyası uşağın nə düşündüyü, necə hiss etdiyini və niyə belə davrandığını anlamağa kömək edən və öyrənən elm sahəsidir:

 

"Məlumdur ki, uşaqlar böyüklər kimi emosiyalarını sözlə rahat şəkildə ifadə edə bilmirlər. Onlar hiss və düşüncələrini daha çox davranışları vasitəsilə göstərirlər. Məhz uşaq psixologiyası bu davranışların arxasında dayanan səbəbləri araşdırır, onları anlamağa çalışır və uşaqlara düzgün yanaşma yollarını müəyyənləşdirir. Uşaq psixologiyası yalnız uşağın özünü deyil, eyni zamanda onun ailə mühitini, valideynlərlə münasibətlərini və ətraf mühitin təsirlərini də nəzərə alaraq uşağı kompleks şəkildə öyrənir. Vaxtında göstərilən psixoloji dəstək uşağın gələcəkdə özünə inamlı, emosiyalarını tanıyan və idarə edə bilən sağlam bir fərd kimi formalaşmasına kömək edir. Cəmiyyət baxımından isə psixoloji cəhətdən sağlam böyüyən uşaqlar daha anlayışlı, məsuliyyətli və sosial baxımdan aktiv olurlar. Onlar hisslərini düzgün ifadə edir, empati qurmağı bacarır və ətrafdakılarla daha sağlam münasibətlər yaradırlar. Belə fərdlər qarşılıqlı hörmətə əsaslanan əlaqələr qurmağa meyilli olurlar. Nəticə etibarilə, sağlam böyüyən bir uşaq yalnız ailə üçün deyil, bütövlükdə cəmiyyətin inkişafı üçün mühüm əhəmiyyət daşıyır".

 

Həmçinin psixoloq bildirib ki, valideynlər uşaq psixoloquna yalnız problem yarandıqda müraciət etməməlidirlər:

 

"Psixoloqa müraciət yalnız çətinlik zamanı atılan bir addım kimi qəbul edilməməlidir. Mən bunu daha çox tibbi müayinəyə bənzədirəm. Necə ki, valideynlər uşaqlarını mütəmadi olaraq check-up üçün həkimə aparırlar, eyni yanaşma uşağın psixoloji inkişafı üçün də tətbiq olunmalıdır. Uşaq psixoloqu uşağın inkişaf yolunun düzgün gedib-getmədiyini izləmək, hansı mərhələdə güclü tərəflərinin olduğunu və hansı sahələrdə dəstəyə ehtiyac yarana biləcəyini vaxtında müəyyən etmək baxımından mühüm rol oynayır. Bəzən valideynlər hər şeyin qaydasında olduğunu düşünsələr də, uşağın bəzi inkişaf sahələrində geri qalması və ya emosiyalarını düzgün ifadə edə bilməməsi mümkündür. Bu səbəbdən valideynlər psixoloqa müraciəti problemə bağlı bir addım deyil, uşağın sağlam və balanslı inkişafını dəstəkləyən preventiv bir yanaşma kimi qəbul etməlidirlər. Bu yanaşma uşağın özünü daha yaxşı tanımasına, emosiyalarını anlamağına və gələcəkdə yarana biləcək daha ciddi çətinliklərin qarşısını almağa kömək edir".

 

Son olaraq psixoloq vurğulayıb ki, valideynlər uşağın davranışlarında və emosional vəziyyətində uzun müddət davam edən dəyişikliklər müşahidə etdikdə mütləq uşaq psixoloquna müraciət etməlidirlər:

 

"Məsələn, uşaq əvvəlki kimi ünsiyyətcil deyilsə, tez-tez aqressiv davranışlar göstərirsə, səbəbsiz qorxular yaşayırsa və ya davamlı şəkildə ağlayırsa, bu, onun daxili dünyasında müəyyən çətinliklərin mövcud olduğuna işarə edə bilər. Ən önəmlisi isə odur ki, psixoloqa müraciət problemi böyüdükdən sonra deyil, ilk siqnallar ortaya çıxdığı anda atılan düzgün və qoruyucu bir addımdır. Qorxu, aqressiya və ya özünə qapanma çox vaxt uşağın yaşadığı, lakin ifadə edə bilmədiyi hisslərdən qaynaqlanır. Uşaqlar nə yaşadıqlarını həmişə sözlə ifadə edə bilmədikləri üçün bu hisslər davranış vasitəsilə üzə çıxır. Ailədaxili gərginlik, valideynlər arasında tez-tez mübahisə, uşağa qarşı sərt münasibət və ya həddindən artıq tələbkarlıq bu hallara səbəb ola bilər. Eyni zamanda məktəb mühiti, yaşıdlarla münasibətlərdə çətinliklər, qorxuducu təcrübələr və ya travmatik hadisələr də uşağın emosional dünyasına ciddi təsir göstərir. Ən vacib məqam odur ki, bu davranışları pis xasiyyət kimi yox, uşağın kömək istəyi kimi qiymətləndirmək lazımdır. Uşaq aqressivdirsə, bu, onun daxilində yığılan gərginliyin göstəricisi ola bilər; özünə qapanırsa, bu, təhlükəsizliyini təmin etmək üçün bir müdafiə mexanizmidir; qorxular isə çox vaxt başa düşülməyən və ya izah olunmayan vəziyyətlərdən qaynaqlanır. Uşaq vaxtında başa düşülüb dəstək alarsa, bu davranışların əksəriyyətini sağlam şəkildə dəyişdirmək mümkündür. Ailədaxili münasibətlər uşağın psixoloji inkişafında ən vacib amillərdən biridir. Uşaq dünyanı ilk olaraq ailə mühitində tanıyır və özünü necə hiss edəcəyini, insanlarla necə münasibət quracağını məhz bu mühitdə öyrənir. Evdə sevgi, anlayış və təhlükəsizlik hissi varsa, uşaq özünü rahat ifadə edir, emosiyalarını tanıyır və özünə inamla böyüyür. Əksinə, davamlı gərginlik, mübahisə, laqeydlik və ya sərt münasibət olan ailələrdə uşaqlar daha çox qorxu, aqressiya və ya özünə qapanma göstərə bilirlər. Valideynlərin bir-biri ilə və uşaqlarla qurduğu ünsiyyət onun gələcək münasibətlərinin təməlini qoyur. Uşaq evdə gördüyü nümunələri cəmiyyətdə də təkrarlayır. Ona görə də sağlam ailədaxili münasibətlər uşağın yalnız indiki həyatını deyil, gələcək psixoloji sağlamlığını da formalaşdırır".


Xumar Emilqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər